Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü institutun gənc alimlərinin həm elmi həm də ictimai sahədə fəal olduqlarını qeyd edib. O, institutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətini də təqdir edib. R.Cümşüdlü təşkil olunan seminarların gənc alimlərə öz elmi tədqiqatları barədə ətraflı danışmaq, məlumat vermək imkanı yaratdığını bildirib.
Seminarda Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev gənc elmi kadrların hazırlanması prosesində Şərqşünaslıq İnstitutunun rolundan danışıb. E.Mustafayev qeyd edib ki, elmi potensialın qorunub saxlanılması və gənc elmi kadrların hazırlanması dövlətimizin diqqət mərkəzindədir. Bu məqsədlə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində böyük işlər aparılır. Ölkəmizdə yüksək ixtisaslı elmi, pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında Şərqşünaslıq İnstitutunun xüsusi payı olduğunu bildirən E.Mustafayev bu institutun ötən onilliklərdə böyük inkişaf yolu keçməklə öz ənənələri olan elm müəssisəsi kimi tanındığını deyib. O, son illərdə institutun gənc alimlərinin uğurlarından danışaraq, bütün bunları nəzərə aldıqda şərqşünaslıq elminin gələcəyinin etibarlı əllərdə olduğunu söyləmək olduğunu bildirib.
İnstitutun Ərəb filologiyası şöbəsinin elmi işçisi Gülşən Həmidli seminarda “Ərəb dilçiliyinin inkişafinda Xətib Təbrizinin rolu” mövzusunda məruzə edib. Məruzəçi orta əsrlər ərəb dilçiliyinin inkişafında ərəb əsilli alimlərlə yanaşı qeyri-ərəb əsilli alimlərin də müstəsna rolu olduğunu qeyd edərək, XI əsrdə yaşayıb, yaratmış Xətib Təbrizinin belə alimlərdən olduğunu bildirib. Məruzədə Xətib Təbrizinin ərəb dilçiliyi sahəsində qələmə aldığı kitablarda palindromlar, irab, həmzəli, naqis fellərdən əmələ gələn sözlər və s. kimi maraqlı qrammatik məsələlərə toxunulub.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb.