Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti vəzifəsi icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevadır.
İnstitutun mərhum əməkdaşı f.ü.f.d. Sədaqət Qasımlının türkcədən tərcümə etdiyi kitabda 1942-1943-cü illərdə Türkiyədə çapdan çıxmış “Türk amacı” dərgisində dərc olunmuş məqalələr yer alır.
Türk Kültür Birliyinin mətbu orqanı olmuş dərgini 1942-1943-cü illərdə dünya şöhrətli azərbaycanlı türkoloq, Ankarada 50 ildə artıq mühacir həyatı yaşamış Əhməd Cəfəroğlu dərc etdirirdi.
“Türk amacı” dedikdə, naşir “türkün məqsədi, amalı və ya vəzifəsi” anlamını nəzərdə tuturdu. Dərginin vəzifəsi müxtəlif regionlarda yaşayan türk tayfa və boylarını bir-biribə yaxından tanıtmaq idi. Dərgidəki mötəbər tarixi qaynaqlara və güclü məntiqə əsaslanan elmi-publisistik yazılar türk xalqlarının bir-birindən qopuq ayrı-ayrı mədəniyyətlərə deyil, əksinə, qırılmaz bağlara malik müştərək türk mədəniyyətinə sahib olduqlarını isbat edir. Dərgidə türk dünyasının görkəmli alim və ziyalılarının ədəbiyyat, dilçilik, tarix, coğrafiya, fəlsəfə, mifologiya və s. ilə bağlı elmi, elmi-publisistik məqalələri dərc olunub.
İlk sayının nəşrindən 80 il keçməsinə baxmayaraq, “Türk Amacı” dərgisində çap olunan yazılar bu gün də öz elmi və siyasi aktuallığını qoruyub saxlamaqdadır. Əhməd Cəfəroğlunun “Türk Kültür Birliyi xadimlərindən Mir Əlişir Nəvai” sərlövhəli məqaləsi ilə başlanan dərgidə onun “Azərbaycan tarixçisi Mirzə Camal Qalabəyli”, Azərbaycan ədəbiyyatının tədqiqinə dair Əli Gəncəlinin “Şirvanlı Sabir Tahirzadə “Hop-hop”, “Azərbaycanda satirik ədəbiyyat nümunələrindən “Səmavariyyə”, “Təbrizli Saib”, Suzan Cəfəroğlunun “19-cu əsr Azərbaycan şairlərindən Sədi Qarabaği”, professor Fuad Köprülünün “Azərbaycan aşıqlarından Tufarqanlı Abbas” və “Abbasqulu ağa Bakıxanlı” kimi məqalələri Azərbaycan ədəbiyyatını türk dünyasına tanıtmaq baxımından çox böyük önəm daşıyır.
Ümumiyyətlə təqdim edilən kitabda iki il ərzində dərginin 8 sayında dərc olunmuş 72 məqalə yer alır.