Dünyamalı Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. BDU-nun İqtisad fakültəsində müvəffəqiyyətlə təhsil aldığı illərdə gələcək həyat yolunu müəyyənləşdirib və onun böyük potensialını görüb layiqincə dəyərləndirən müəllimlərinin xeyir-duası ilə ömrünü çətin elmi axtarışlara sərf etməyi qərara alıb. Elmlə praktikanın vəhdətinin nə qədər vacib və səmərəli olduğunu yaxşı bilən gənc iqtisadçı bir müddət respublikanın bank sektorunda, ali məktəb sistemində çalışıb. 1971-ci ildə Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda "Müasir Türkiyənin dövlət borcları" adlı maraqlı dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1979-cu ildə Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda çalışmağa başlayıb. Burada baş elmi işçi, Türkiyənin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri və institutun elmi işlər üzrə direktor müavini kimi səmərəli fəaliyyət göstərib. Yorulmaq bilmədən çalışan, tədqiqat dairəsini genişləndirən D.Vəliyev 2010-cu ildə AMEA-nın İqtisadiyyat İnstitutunda "Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə elmlər doktoru dərəcəsinə yiyələnib.
2011-2016-cı illərdə Şərqşünaslıq İnstitutunda "Şərq-Qərb" şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildən Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiridir. 10-dan çox kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq (Almaniya) şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib. Alim xalqın müasir iqtisadi fikri baxımından diqqəti cəlb edən dəyərli əsərlər yazıb. "Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər" , "Türkiyə. Turqut Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası", “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” və digərlərini bu sıraya aid etmək olar. Alimin dərslik yaradıcılığı sahəsindəki xidmətləri də xüsusi qeyd olunmalıdır. İnzibati amirlik sisteminin tam əksi olan bazar münasibətlərinə keçilməsi iqtisadi təhsil sistemini yeni dövrün tələblərinə uyğunlaşdırmağı, iqtisadiyyat üzrə tamamilə yeni dərsliklər hazırlamağı tələb edirdi. Bu sahədə də o, çox işlər görmüşdür. Respublikamızda ilk dəfə olaraq yazılmış üç dərslik - "Beynəlxalq iqtisadiyyat" (2000), "Beynəlxalq maliyyə" (2000, M.Rəhimovla birgə), "Vergi hüququ" (2003, Y.Balakişiyev və başqaları ilə birlikdə) onun böyük səyləri və rəhbərliyi ilə hazırlanıb. Kitablardan biri - "Beynəlxalq iqtisadiyyat" daha da təkmilləşdirilərək 2012-ci ildə yenidən nəşr edilib.
D.Vəliyev həm alim, həm də bir insan kimi fəal həyat mövqeyi tutmuşdur. Millətsevərlik və vətən pərvərlik onun həyatının mənasıdır. O, əsərlərində, elmi məclislərdəki çıxışlarında peşəkar iqtisadçı kimi düşüncələrini ortaya qoymaqla bərabər, vətənpərvərliyi, Azərbaycanın mədəniyyət və incəsənətini təbliğ edir, erməni terrorizmi və cinayətlərinin mahiyyətini açır. Alimin çoxşaxəli yaradıcı həyatının bu istiqamətləri üzrə "Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada" (1994), "Borçalının söz xəzinəsi"(2003), "Karyera: şəxsi müvəffəqiyyətin strategiyası" (2005) adlı kitabları da nəşr olunub. 2011-ci ildə çap edilmiş "Yüksəliş yolları" gənclərə ünvanlanıb. 1991-ci ildə D.Vəliyev tanınmış türk professoru Utkan Qocatürkün "Atatürk" kitabını Azərbaycan dilinə çevirərək qardaş ölkənin sosial-iqtisadi həyatı ilə maraqlanan geniş oxucu kütləsinə ərməğan edib. Müəllif kitaba yazdığı ön sözdə atatürkçülüyün, kamalizmin mahiyyətini açıqlayıb, Azərbaycan və Türkiyə arasında əlaqələrin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi zərurətini önə çəkib, insanları azadlığa, müstəqilliyə səsləyən fikirlərə geniş yer verib.
Dünyamalı müəllimə uzun ömür, can sağlığı, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.