Anım tədbirində akademik Ziya Bünyadovun ailə üzvləri də iştirak edirdilər.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva anım mərasimində Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi Ziya Bünyadovun keçdiyi zəngin və mənalı həyat yolundan, qoyduğu böyük elmi irsdən, yaratdığı elmi məktəbdən danışıb, həmin məktəbin yetirmələrinin böyük alimin yolunu layiqincə davam etdirdiklərini deyib. Bildirib ki, Z.Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb. G.Baxşəliyeva Ziya Bünyadovun dünya şöhrətli alim olmaqla yanaşı, həm də Böyük Vətən Müharibəsi illərində göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adını almasını, həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqının mənafeyini öz kəsərli qələmi və çıxışları ilə həmişə yüksək səviyyədə müdafiə etməsini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan əsas şəxslərdən olmasını qeyd edib.