Print this page

“I Beynəlxalq Rəsulzadə qiraətləri” adlı kitabın təqdimat mərasimi keçirilib

03 Fevral 2022

Yanvarın 31-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin redaktorluğu ilə nəşrə hazırlanmış və “Rəsulzadə ev muzeyi” İctimai Qrupu tərəfindən nəşr edilmiş "I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və  dövlətçilik dəyərləri  sistemində" kitabının təqdimat mərasimi keçirilib.

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümü münasibətilə "M.Ə.Rəsulzadə ev-muzeyi" İctimai Qrupunun və  AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimi AMEA-nın Milli  Azərbaycan Tarixi Muzeyində baş tutub. 

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov açıq elan etdiyi tədbirdə Milli  Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, "M.Ə.Rəsulzadə Ev-Muzeyi" İctimai Qrupunun təşkilat komitəsinin rəhbəri, təqdim edilən kitabın redaktoru prof. Solmaz Rüstəmova-Tohidi, AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru  Vilayət Quliyev, professor Hamlet İsaxanlı, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov və digər tədbir iştirakçıları çıxış edərək tədbirin əhəmiyyəti və M.Ə.Rəsulzadə danışıblar, kitabın tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını qeyd ediblər.

Qeyd edək ki, kitabda Azərbaycan , Türkiyə, ABŞ, Almaniya, Fransa, İran, İsveç, Polşa, Rusiya, Şimali Kipr Türk Respublikası, Ukrayna alim və tədqiqatçılarının elmi və publisistik məqalələri təqdim edilir. Beş bölümündən ibarət olan kitabda “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” adı ilə iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən “I Beynəlxalq Rəsulzadə Qiraətləri”nin materialları toplanıb.