Print this page

ELNUR MUSTAFAYEV GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ ÇIXIŞ EDİB

01 Fevral 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayev fevralın 1-də AMEA Rəyasət Heyətində akademik və professor heyətinin, həmçinin məsul şəxslərin də iştirak etdiyi AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirində "Milli özünüdərk prosesində gənclərin rolu" adlı məruzəsi ilə çıxış edib.

E.Mustafayev çıxış əsnasında tarix boyu hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini və milli strategiyasını, ilk növbədə gənc nəsillər üzərində qurduğunu, habelə gənc nəslin sağlam şəkildə yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələ olduğunu vurğulayıb.

Həmçinin, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdəki islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunduğunu, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın təşəkkülündə fəal iştirak etdiyini, ölkədə baş verən bütün proseslərin mərkəzində dayandığını da qeyd edib.

Məruzədə 44 günlük "Vətən müharibəsində" işğal olunmuş tarixi torpaqlarımızın azad olunmasında gənclərin rolu, eyni zamanda milli-mənəvi dəyərlərimizə sadiq olan gənc nəslin istər ön cəbhədə, istər arxa cəbhədə nümayiş etdirdiyi şücaət, cəsarət və peşəkarlıq kimi məziyyətləri xüsusilə iştirakçıların diqqətinə çatdırılıb.