Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “PEYĞƏMBƏRLƏR” KİTABININ YƏHUDİ DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİNİN TƏQDİMATI OLUB

28 Yanvar 2022

Yanvarın 28-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yəhudi dininin Müqəddəs Kitabı “Tanax”ın ikinci hissəsi olan «Peyğəmbərlər» kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.

AMEA-nın əsas binasının ikinci mətrəbəsində yerləşən Akt zalında keçirilən tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva açıb.

G.Baxşəliyeva multikultural Azərbaycan cəmiyyətində Yəhudi dininin müqəddəs Kitabı “Tanaxın”ın dilimizə tərcüməsinə böyük ehtiyac olduğunu bildirib. Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqovun 2019-cu ildə Azərbaycanda ilk dəfə olaraq Yəhudi dininin Müqəddəs Kitabı “Tanax”ın birinci hissəsi olan “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladan G.Baxşəliyeva hazırda təqdim edilən “Peyğəmbərlər” kitabının “Tanax”ın ikinci hissəsi olduğunu qeyd edərək, T.Sadıqovun bu tərcümələrinin işıq üzü görməsinin həm də Azərbaycan Şərqşünaslıq elmində Hebraistika sahəsinin başlanmasına bir göstərici olduğunu qeyd edib.

 

G.Baxşəliyeva bildirib ki, akademik səviyyədə yerinə yetirilmiş bu tərcümələrdən sonra Azərbaycan Şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaqdır.

«Peyğəmbərlər» kitabının da dünyanın bir necə dillərinə tərcümə olunduğunu, lakin Azərbaycan dilində ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsinin indiyədək olmadığını vurğulayan G.Baxşəliyeva «Peyğəmbərlər» kitabının özündə cəmləşdirdiyi kitabların əsasən tarixin xronoloji bir dövrünü əhatə etdiyini, kitabın iki bölməyə bölündüyünü, birinci bölmənin əsasən tarixi xüsusiyyət daşıdığını, ikinci bölmənin isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarət olduğunu qeyd edib.

Teymur Sadıqov təqdimat mərasimində çıxış edərək, “Tanax”ın tərcümə etdiyi birinci hissəsi olan “Tövrat” və ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı barədə məlumat verib və tərcümə kitablarının redaktorlarına, məsləhətçilərə, rəyçilərə və kitabın çapına dəstəyini göstərənlərə öz təşəkkürünü bildirib.

T.Sadıqov “Peyğmbərlər” kitabının hacıxanım Rahilə Hüseyin qızının maddi vəsaiti hesabına çap edildiyini diqqətə çatdırıb.

Tərcüməçi onu da qeyd edib ki, “Tanax”ın üçüncü hissəsi “Yazılar” kitabının da tərcüməsi üzərində hazırda işlər gedir və bu işi ilin sonuna kimi bitirməyi planlaşdırır.

Sonra “Tövrat” və “Peyğəmbərlər” kitablarının tərcümələri tədbirdə iştirak edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə təqdim edilib. Səfir Corc Dik tədbirdə çıxış edərək Teymur Sadıqovu uğurlu işlərinə görə təbrik edib.

Daha sonra Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı, Şərqşünaslıq İnstitutunun əməkdaşlarından ilah.ü.f.d. Məmmədəli Babaşlı, f.ü.f.d. Laura Orucova çıxış edərək, Teymur Sadıqovun ibrişünaslıq sahəsində dəyərli tədqiqatları və tərcümələri ilə seçildiyini, təqdim edilən uğurlu tərcümələri ilə bir ilkə imza atdığını bildiriblər.