Print this page

MUSTAFAYEV VİDADİ KAMAL OĞLUNUN ÖMÜR KİTABINI SƏHİFƏLƏYƏRKƏN...

13 Dekabr 2021

Bu gün bu toplantıda çox mənalı və maraqlı bir həyat yolu keçmiş, Azərbaycan gəncliyi üçün dəyərli elmi irs yarada bilmiş bir alimin 70 illik ömür kitabını sizinlə birlikdə vərəqləmək istəyirəm.

Həmin alim çox gərəkli dəyərlər daşıyan yaxın dostum, həmkarım Vidadi Mustafayevdir. Biz onunla eyni vaxtda,1979-cu ildə Cənubi Azərbaycan şöbəsində fəaliyyətə başladığımız zamandan tanışıq və uzun illərdir ki, dostluq və həmkarlıq edirik.

 

Qısaca onun insani keyfiyyətləri və xarakteri barədə danışmaq istərdim. Çox məsuliyyətli və özünə qarşı tələbkar bir insandır. Bununla bağlı bir xatirəmi də sizinlə paylaşmaq istərdim. Biz Vidadi müəllimlə 10 il – 1979-1989-cu illərdə Cənubi Azərbaycan şöbəsində bir yerdə işləmişik, 1983-cü ildə isə onunla Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda stajor-tədqiqatçı olaraq eyni şöbədə çalışmışıq, akademiyanın Ostravityanov küçəsində yerləşən aspirant evində yaşayış üçün eyni otağı paylaşmış, bir sıra mötəbər kitabxanalarda eyni zamanlarda elmi araşdırma ilə məşğul olmuşuq.

 

 

1983-cü ilin yaz günlərindən biri idi. Moskvanın Nagin meydanı rayonunda yerləşən RSFSR tarix kitabxanasında işləmək üçün birlikdə metrodan çıxıb “Qırmızı” meydan adlanan əraziyə doğru hərəkət edirdik, yolumuzun üstündə  1917-ci ilin noyabrından 1919-cu ilin martına qədər Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri (əslində RSFSR-in rəsmi rəhbəri) olmuş Yakov Sverdlovun heykəlinin önündən keçərkən Vidadi xəfif və təəssüfedici bir səslə bunları söylədi: “ Gör, bu kişi 34 yaşında hansı məqama nail olub, mən isə bu yaşımda hələ də kitabxanaları gəzib bir iş görmək istəyirəm”. Mən onun bu sözlərini həyatının bura kimi hissəsini ali təhsil almağa, hərbi xidmətə, çox gərgin siyasi mühitə malik Əfqanıstan kimi bir ölkədə işə həsr etmiş bu insanın özünə, işinə çox tənqidi yanaşması kimi qəbul etdim və həmin sözlər deyə bilərəm ki, o illərdə mənim üçün də bir fəaliyyət devizi oldu.  

 

Xasiyyətcə çox iradəli, prinsipial, mövqeyində sabit və dəyişməz olduğu qədər də dostluqda sədaqətli və möhkəmdir, insanlara qarşı səmimi və sadədir, səhvlərini müsahibinin üzünə deməyi bacardığı kimi münasibətlərdə öz səhvlərini ehtiraf etməyi də bacarır. Belə ki, çox alicənab bir insandır.

 

 

 

O, 10 dekabr 1951-ci il tarixində Gürcüstan Respublikasının Marneuli rayonunun Ağqula (Ağqüllə) kəndində ziyalı ailəsində anadan olmuşdur.

1968-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində ali təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmiş, fars və Azərbaycan dilləri müəllimi, filoloq, tərcüməçi ixtisaslarına yiyələnmişdir. Tələbə ikən, 1972-1974-cü illərdə Əfqanıstanın paytaxtı Kabul şəhərində təhsil praktikasında olmuş, tərcüməçilik etmişdir.

1974-1976-cı illərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində tərcüməçi zabit olaraq hərbi xidmət keçmişdir.

1976-1979-cu illərdə isə Əfqanıstanda qulluqçu-tərcüməçi sifətilə çalışmışdır. 1979-cu ilin martından isə AMEA Şərqşünaslıq İnstitunda baş laborant kimi  fəaliyyətə başlayan V.Mustafayev bu günə kimi də orada çalışır.

 

V.Mustafayev Qarabağın yağı düşməndən azad edilməsi yolunda da öz gücünü və səylərini əsirgəməmişdir.  1993-сü ilin sonlarından 1995-ci ilin yazına kimi düşmənlə təmas xəttinə yaxın bölgədə yerləşən hərbi hissələrin birində tərcüməçi-referent olaraq xidmət göstərmişdir. 1992-ci ilin sonundan  “İran tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri vəzifəsini icra edən V.Mustafayev 1995-ci ilin yazından həmin şöbəyə rəhbərlik edir.

O, bu məqama davamlı olaraq çəkdiyi zəhmətinin, işgüzar və ardıcıl elmi fəaliyyətinin nəticəsində nail olmuşdur. Belə ki, V.Mustafayev 1981-1983-cü illərdə Moskva şəhərində SSRİ EA-nın Şərqşünaslıq institutunda stajor-tədqiqatçı olaraq XX əsrin I yarısında Cənubi Azərbaycanda demokratik hərəkat və azərbaycanlıların milli şüurunun formalaşması mövzusu üzrə elmi araşdırmalarla məşğul olmuşdur. V.Mustafayev Moskva Şərqşünaslıq məktəbində mövzu ilə bağlı o zamankı SSRİ miqyasında çoxmillətli İran ölkəsi üzrə tanınmış tarixçi alim professor S.Əliyev, Şərq ölkələrində milli məsələlər üzrə çoxlu sayda elmi-tədqiqat əsərlərin müəllifi V.Trubetskoy, müasir İranda şiə ruhaniliyinin yeri və mövqeyi barədə sanballı əsərlərin müəllifi E.Doroşenko və başqa bu kimi mütəxəssislərlə söhbətlər etmək, müzakirələr aparmaq, elmi toplantılarda onların məruzə və çıxışlarını dinləmək, tövsiyyələrinə qulaq asmaq, eyni zamanda da ən zəngin və mötəbər kitabxanalarda, arxivlərdə işləmək imkanına malik olmuşdur.  1992-ci ildə “XX əsrin 1-ci yarısında Cənubi (İran) Azərbaycanda demokratik hərəkat və milli kimliyin formalaşması” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 3 monoqrafiyanın, 100-dən çox elmi və elmi-publisistik məqalələrin müəllifidir. Ana dilindən başqa fars, rus və ingilis dillərini də bilir.

 

 

Yazımın əsas hissəsini V.Mustafayevin elmi yaradıcılığına ayırmağı daha məqsədəuyğun bildiyimdən burada xüsusilə onun monoqrafiyaları, elmi, elmi-publisistik məqalələri haqqında yiğcam şəkildə danışmaq istərdim.

Son illərdə çoxmillətli Afro-Asiya, Şərqi Avropa ölkələrində və MDB məkanında, eləcə də Qafqazda baş verən son ictimai-siyasi proseslər nəticəsində milli məsələnin onların ictimai həyatında ən kəskin məsələlərdən birinə çevrildiyinin şahidi oluruq. Xalqların milli azadlıq və dövlət müstəqilliyinə nail olmaq səylərində milli kimlik və milli şüur məsələnin kəskinləşməsi həm milli münasibətlərə, həm milli məsələyə yeni baxış tələb edir.

Bu baxımdan deyərdim ki, V.Mustafayevin Cənubi Azərbaycanda XX əsrin I yarısında milli şüur məsələsinə həsr edilmiş elmi-tədqiqat əsəri -  “XX əsrin 1-ci yarısında Cənubi (İran) Azərbaycanda demokratik hərəkat və milli kimliyin formalaşması” (Bakı, “Əbilov, Zeynalov və oğulları”, 1998) adlı kitabı alimlərin bu sahədə apardıqları tədqiqatlara mühüm bir töhfədir. Belə ki, müəllif sözügedən əsərində XX əsrin I yarısında ümumiyyətlə çoxmillətli ölkə olan İranda milli özünüdərkin (şüurun) vəziyyətini, bundan çıxış edərək azərbaycanlıların milli şüur səviyyəsinin və vəziyyətinin milli azadlıq hərəkatına əks təsirini müəyyən edən demokratik, milli və millətlərarası proseslərin mürəkkəb kompleksini araşdırır.

 

Cənub qonşumuz olan İranda azərbaycanlıların milli şüur, milli kimlik  məsələsinin müəllif tərəfindən tədqiqat predmeti kimi seçilməsi bir sıra məqamlarla müəyyən edilir və əsaslandırılır. Müəllifin özünün əsərdə haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan məsələsi müasir İranın həllini gözləyən ictimai-siyasi problemləri sırasında ən çətinlərindən biridir. Bu onunla izah olunur ki, “sayına və məskunlaşdığı coğrafi ərazinin vüsətinə görə İranın ən böyük xalqlarından biri olmaqla yanaşı milli zülmə məruz qalan azərbaycanlılar bir neçə onilliklər ərzində öz sosial və milli azadlıqları uğrunda mübarizə aparırlar” (səh. 3). Bundan əlavə, Güney Azərbaycan iqtisadi inkişaf və yüksək ictimai-siyasi fəallıq baxımından da İran dövlətində xüsusi yerə və məqama malik olmasına baxmayaraq, Azərbaycan xalqının demokratik qüvvələri İranda sosial-iqtisadi tərəqqi və demokratiya uğrunda xarici hökmranlığa və daxili irticaya qarşı daima mübarizə aparmışlar. Sonuncu 1978-1979-cu illər İran inqilabı da mədəniyyət və dil sahəsində bəzi xırda nailiyyətlər istisna olmaqla, Azərbaycan xalqına milli azadlıq və demokratiya gətirmədi. Eyni zamanda da bu inqilab bütövlükdə Azərbaycan xalqının milli-azadlıq hərəkatının bir çox problemlərini üzə çıxardı. Bunlardan biri də Azərbaycan xalqının həyatının müxtəlif sahələri və problemləri haqqında lazımi məlumatların olmaması idi. Odur ki, inqilabın başlanması ilə milli özünüdərk və onun nəticələrinin cəmiyyətdə informasiya mübadiləsinə yeridilməsi prosesi sürətləndi ki, bu da bir çox hallarda “milli-azadlıq hərəkatının xarakterini müəyyən edir”.

Müəllif əsərində milli kimlik, milli şüur, milli münasibətlər problemlərini tədqiq edərkən sosial-etnik proseslərə sistemli və konstruktv şəkildə yanaşmış, nəticədə milli şüurla bağlı araşdırmalarında daha müasir elmi yanaşmanı rəhbər tutduğundan, cəmiyyətin milli kimlik kimi mühüm mənəvi komponentinin yeni tərzdə tədqiqinə nail ola bilmişdir. O, bu əsərində əsaslı şəkildə göstərə bilmişdir ki, milli şüur, milli özünüdərketmə bir xalqın millətə çevrilməsi proseslərinin sadəcə əksi deyil, həm də milləti yaradan amillərdən biridir. Məhz, milli özünüdərkin inkişaf səviyyəsi başqa amillərlə bərabər millətin formalaşma səviyyəsini, onun milli və ictimai azadlığı uğrunda mübarizəsinin xarakterini müəyyən edir. Əsərdə müəllifin milli münasibətlərin tədqiqinə mühüm töhfəsi həm də milli şüurun mövcud səviyyəsi ilə cəmiyyətdə gedən demokratik proseslər arasında əlaqəni açıb göstərə bilməsindədir.

V.Mustafayev keçmiş sovet, xarici və Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Cənubi azərbaycanlıların milli kimliyinin formalaşmasına və inkişafına təsir göstərən müxtəlif amillərin (azərbaycanlıların inzibati aparatda təmsil olunmaları, azərbaycanlılarla farsların sayı nisbəti, onların dillərinin ictimai-siyasi sahədə fəaliyyət miqyası, sosial struktur və s.) öyrənilməsinə kompleks şəkildə yanaşılmışdır. Bundan əlavə, müəllif tərəfindən əsərdə etnik xüsusiyyətlərin təhlili, məskunlaşma məsələsinin dinamikası və müxtəlif etnik qrupların sayı ilə paralel olaraq onların məskunlaşdıqları ərazilərin sərhədlərini, həmin qrupların say nisbətini və digər parametrlərini dəqiq müəyyənləşdirmək məqsədilə “İran azərbaycanlıları”, “Azərbaycan azərbaycanlıları”, “İranın azərbaycanlı etnosu”, “Azərbaycan subetnosları” kimi yeni terminlər formalaşdırıldı. Şübhə yoxdur ki, bu terminlər şərti xarakter daşıyır və əsasən elmi tədqiqatlarda işlənir. Belə ki, İranda yaşayan soydaşlarımız özlərinə etnik mənada azərbaycanlı deyil, yalnız türk deyirlər.

Əsərin məziyyətlərindən biri də müəllifin Azərbaycan, türk, fars, rus, ingilis dillərində bir çox mənbələrin ilk dəfə elmi dövriyyəyə cəlb edilməsi və onlara tənqidi münasibət bəsləməsi ilə bağlıdır. Bu da sözügedən sahədə aparılan təhlillərin reallığını, əldə edilən nəticələrin əsaslı olmasını gücləndirir. Ən əsası isə müəllifin XX əsrin birinci yarısında İranda və Cənubi Azərbaycanda baş verən proseslər barədə apardığı tədqiqatlardan məntiqi olaraq əldə etdiyi nəticə budur ki, 1945-1946-cı illər demokratik hərəkatı illərində milli kimlik və onun tərkib hissəsi olan milli ideologiya işlənib hazırlanmış və konkretləşdirilmişdir. Azərbaycanda milli-demokratik hərəkatın boğulması xalqın milli şüurunu əlindən ala bilmədi. Əksinə, bu hərəkat nəticəsində Azərbaycan xalqı özünü daha dərindən dərk etdi.

V. Mustafayevin “Cənubi Azərbaycan məsələsinin öyrənilməsi”  (Bakı, “Nurlan”, 2002, 114 səh.) adlı əsərində İranın ən iri milli etnik rayonu olan Cənubi Azərbaycanın, ölkənin ən iri etnik birliyini təşkil edən və əsas milli hüquqlardan məhrum olan azərbaycanlıların problemlərinin XX əsrin 90-cı illərinə qədərki bir dövr ərzində keçmiş Sovet və ingilis dilli xarici iranşünaslıqda öyrənilməsi məsələsi ilk dəfə olaraq xronoloji ardıcıllıqla nəzərdən keçirilmişdir.

 

 

Kitabın “Azərbaycan məsələsinin Sovet İranşünaslığı və Azərbaycanşünaslığında öyrənilməsi” bölümündə müəllif haqlı olaraq qeyd edir ki, İranda uzun illər ərzində mövcud olan milli məsələ və onun tərkib hissəsi olan Azərbaycan və azərbaycanlılar məsələsi İranşünaslıq və formalaşmaqda olan Cənubi (İran) Azərbaycanşünaslıq qarşısında duran mühüm elmi problemə çevrilmişdir (s.3). Onun qənaətinə görə Azərbaycan məsələsinin hərtətəfli öyrənilməsi həmin məsələnin İranşünaslıq və Azərbaycanşünaslıqda inikas xüsusiyyətlərinin araşdırılmasını və nəzərdən keçirilməsini zəruri edir (s.3). Bu məqsədlə də V.Mustafayev adıgedən bölümdə məsələ ilə bağlı 30-dan yuxarı elmi əsəri dövriyyəyə cəlb etmiş, o cümlədən M.S.İvanov, V.V.Trubetskoy, S.M.Əliyev,  C.Xəndan, Q.Məmmədli, Ş.Ə.Tağıyeva, M.Əlizadə, A.M.Agahi, M.Rəbizadə, T.İbrahimov (Şahin), M.Vilai, N.Dəstqoşadə, İ.İbrahimi, Q.Kəndli-Herisçi, S.Mirzəzadə, M.Çeşmazər, N.Həsənov, R.Seyidov, Ə.Həbibov, S.Bayramzadə, N.Nəsibzadə kimi müəlliflərin müvafiq araşdırmalarını diqqətlə nəzərdən keçirmiş və əldə etdiyi çox maraqlı nəticələri sözügedən sahələr üzrə çalışan, elmi araşdırmalar aparan mütəxəssislərin, tarixçilərin, eyni zamanda geniş oxucu kütləsinin ixtiyarına vermişdir.

Kitabın “Xarici Şərqşünaslıqda Cənubi Azərbaycan məsələsi” bölümünün yazılması üçün İranda Azərbaycan məsələsinə münasibəti əks etdirməyi qasrşısına məqsəd qoymuş müəllif tərəfindən Cənubi Azərbaycan məsələsi ilə bu və ya digər dərəcədə bağlı olan müxtəlif səpkidə ingilis dilində yazılmış 60-dan yuxarı əsər nəzərdən keçirilmişdir.  Çox zəhmət və diqqət tələb edən bu araşdırmalar nəticəsində  müəllif qeyd edir ki, xarişi şərqşünaslıqda, ümumiyyətlə, Cənubi Azərbaycana və İran azərbaycanlılarına müstəqil şəkildə olduqca az əsər həsr edilmişdir (s.49). Bunların da çoxu Azərbaycan dilinə, onun dialektlərinə, bir sıra Azərbaycan tayfalarına və xüsusilə İranda Azərbaycan məsələsini gündəmə gətirən 1945-1946-cı illər Cənubi Azərbaycandakı milli-demokratik hərəkata aid əsərlərdir. Bu mövqeyinin ardınca o vurğulayır ki, İrana həsr olunmuş müxtəlif həcmli, yönümlü, janrlı əsərlərdə də Azərbaycan məsələsinin bu və ya digər cəhətlərinə az-çox dərəcədə toxunulmuşdur və müəllif nəzərdən keçirmiş olduğu əsərlərdə məsələ ilə bağlı diqqəti cəlb edən həmin hissələri oxucuları ilə bölüşmüş, eyni zamanda çox maraqlı mövzuları elmi mühitdə müzakirə obyektinə çevirə bilmişdir. Şübhəsiz ki, V.Mustafayevin bu istiqamətdə araşdırmaları müvafiq sahə üzrə elmi-tədqiqatla məşgul olan mütəxəssislər və tarixçilər üçün də faydalı və gərəkli nəticələrdir.

V.Mustafayevin sözugedən sahə üzrə apardığı araşdırmalarından əldə etdiyi ən maraqlı nəticələrdən biri də budur ki, çoxmillətli İran ölkəsində  Azərbaycan məsələnin araşdırılması və öyrənilməsi XX əsrin 50-ci illərinin başlanğıcına qədər formalaşmaqda olan Sovet İranşünaslığının diqqət mərkəzindən kənarda qalmışdır (s.3-4). Bununla belə, Sovet dönəmində professor Ş.Tağıyevanın elmi rəhbərliyi altında “XX əsrin 1-ci yarısında Cənubi (İran) Azərbaycanda demokratik hərəkat və milli kimliyin formalaşması” kimi çox ciddi və mühüm bir mövzuda elmi araşdırma aparan V.Mustafayev bu işin öhdəsindən uğurla gəldi və İranda Azərbaycan məsələsinə əsaslı elmi dəlillər və təhlillər bazasında aydınlıq gətirməklə məsələ ilə bağlı Azərbaycan eimi və ictimai fikrində bir yenilik yaratmış oldu.

V.Musttafayev tərəfindən oxucuların diqqətinə təqdim olunan “İran İslam Respublikasında hakimiyyətdaxili münasibətlər” (Bakı, “Bakı çap evi”, 2010) adlı kitabda İranda 1979-2005-ci illər arasında mühafizəkar və islahatçı qüvvələrin qarşılıqlı münasibəti, əslində mübarizəsi və onların fəaliyyətinin əsas xüsusiyyətləri araşdırılmışdır. Qeyd edilməlidir ki, 1990-cı ilin əvvəllərindən İranın daxili həyatında cərəyan edən ictimai-siyasi proseslər xarici siyasi ədəbiyyatlarda da mühafizəkarlarla islahatçılar arasında qarşıdurmanın təzahürü kimi təqdim olunur. Müəllifin adıgedən kitabında eyni zamanda islahatçılıq, mühafizəkarlıq anlayışları, İranda islahat tarixi, İran İslam Respublikasında islahatçı və mühafizəkar adlanan siyasi qüvvələr arasında münasibətlərinin əsas cəhətləri nəzərdən keçirilmişdir (s.6).

 

 

Bu kitabında baş verən hadisələri çox əsaslı faktlar əsasında təhlil edən müəllif göstərir ki, İranda 1978-1979-cu illər inqilabı zamanı monarxiyaya qarşı birləşmiş siyasi qüvvələr arasında başlanan siyasi hakimiyyət uğrunda mübarizə sol radikal və sağ liberal qüvvələrin siyasi səhnədən uzaqlaşdırılmasından sonra hakim siyasi elita daxilində  davam edərək mühafizəkarlar ilə islahatçılar arasında qarşıdurma kimi davam etmişdir.

Mühafizəkarlar ilə islahatçılar arasında münasibətləri araşdıran və təhlil edən müəllif sonda belə bir nəticəyə gəlir ki, İran İslam Respublikasındakı mövcud rejim, onun hüquqi ifadəsi olan Konstitusiya əslində rejimin əsaslarına heç bir təhlükə yaratmadan hər hansı əsaslı bir islahatın keçirilməsinə də şərait yaratmır.

V.Mustafayevin İranda son prezident seçkilərindən və nəticədə İ.Rəisinin hakimiyyətə gəlişindən sonra qələmə aldığı və “İranda seçki dastanı” ünvanı ilə oxuculara təqdim etdiyi iri həcmli elmi-publisistik məqaləsində də bu münasibətlərin tarixi, məzmun və mahiyyəti, qarşıdakı 10 il müddətində İranda istər ictima-siyasi və eləcə də iqtisadi sahədə baş verə biləcək dəyişikliklər, onların xalqın geniş kütləsinin sosial durumuna, milli-demokratik hüquqlar uğrunda mübarizəsinə təsiri barədə  proqnozlar çox sadə dildə açıqlanır. Bu siyahını və onunla bağlı çox maraqlı açıqlamaları daha geniş bir miqyasda davam etdirmək olar. Amma Vidadi Mustafayevin 70 illik yubileyi münasibətilə ilə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitunun rəhbərliyi və elmi kollektivi tərəfindən təşkil olunmuş buradakı toplantının formatını nəzərə alaraq sonda demək istəyirəm ki, V.Mustafayevin İranda və Cənubi Azərbaycanda milli şüur, milli kimlik və milli demokratik hüquqlar uğrunda mübarizə mövzusu nda apardığı tədqiqatların nəticələri və bu mövzuda çap olunmuş əsərləri inkişaf etməkdə olan ölkələrdə milli məsələnin tarixinə dair fundamental əsərlərin yaradılmasında, milli kimliyin vahid nəzəriyyəsinin işlənib hazırlanmasında istifadə oluna bilər və olunacaqdır.

Fürsəttdən istifadə edib Vidadi Mustafayevi təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Səməd Bayramzadə,

dosent, tarix üzrə fəlsəfə doktoru,

AMEA akad. Z.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun

Cənubi Azərbaycan şöbəsinin müdiri,

13 dekabr 2021-ci il