Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA NİZAMİ GƏNCƏVİYƏ HƏSR OLUNMUŞ KONFRANSIN MATERİALLARI DƏRC OLUNUB

06 Dekabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.

Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Misir, İraq və İrandan olan 70-dən çox alimin iştirakı ilə keçirilmiş konfransın materialları sırasında Nizami Gəncəvinin etnik mənsubiyyətinə dair Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Tarixi Azərbaycan torpaqlarında türklərin məskunlaşması”, şairin şəxsiyyəti ilə bağlı Cahan Ağamirovun “Nizami Gəncəvi və Heydər Əliyev şəxsiyyətləri”, Nizami irsinin yaşadılmasına dair Əzizə Ələkbərovanın “Mehriban Əliyevanın Nizami Gəncəvi irsinin yaşadılmasında fəaliyyəti” mövzusunda məruzələri diqqəti çəkir.

 

Nizami əsərlərinin təsiri və qarşılıqlı əlaqələrinə dair  Elman Quliyevin “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, Mehdi Kazımovun “XIV–XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)”, Səadət Şıxıyevanın “Divan ədəbiyyatında “Məxzənül-əsrar”ın yeri (Nəsimi şeiri əsasında)”, Vera Muxamedjanovanın (Özbəkistan) “Nizami və Nəvai – xalqların çoxəsrlik tarixində iki şəxsiyyət”, Almaz Xanımın (Pakistan) “Nizami Gəncəvinin Pakistan ədəbiyyatına təsiri: urdu və digər dillərin nümunəsində”, Xanımzər Kərimovanın “Nizami poeziyasının ərəb poeziyası ilə qarşılıqlı əlaqəsi” və s. mövzuda materialları qeyd etmək olar.

Topluda Nizami əsərlərinin bədii və linqvistik xüsusiyyətlərinə dair diqqəti çəkən mövzular Salidə Şərifovanın “Nizami “Xəmsə”sinin janr özəllikləri”, Şəfəq Əlibəylinin “Nizami nəzmində cəvahirat adlarının struktur-semantik və poetik xüsusiyyətləri”, Zahidə İsmayılovanın “Nizami Gəncəvi dilində feillərin quruluşuna dair”, Şahin Yusiflinin “Nizami yaradıcılığında “çövkən və top” oyununun atributları ilə bağlı leksik fiqurların poetik əhəmiyyəti” və s.-dir.

Nizami əsərlərinin mövzu dairəsini və şairin baxışlarını əks etdirənlər mövzular sırasında Əbdülkərim  Əli Cəradatın (İordaniya) “Azərbaycanlı Nizami Gəncəvinin şeirində islam və ərəb təsirləri”, Qurbanəli Purmərcanın (İran)  “XII əsrdə fars dilində mənzum hekayələr yazan, şair, həkim Nizami Gəncəvinin məsnəvilərindən mənəvi və əxlaqi məfhumların ortaya çıxarılmasının zərurəti”, Əhməd Əbduh Tərabikin (Misir) “Nizami Gəncəvi şeirində tərbiyə və əxlaq”, Osman Əhməd Əbdürrəhimin (Küveyt) “Nizami Gəncəvi nəzərində islam fəlsəfi düşüncələrinin formalaşması”, Əli Fərhadovun “Nizami yaradıcılığında multikultural və dini dəyərlərə baxış”, Aygün Əlizadənin “Nizami və irfan” v. s. var.

Şairin yaradıcılığının tədqiqinə dair İmamverdi Həmidovun “Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında”, Arzu Məmmədzadənin “Nizami Gəncəvi yaradıcılığı şərqşünas Mənzərə Məmmədovanın tədqiqatlarında”, Səba Namazovanın “Məmməd Səid Ordubadinin Nizami Gəncəvi haqqındakı məqalələri” mövzularını qeyd etmək olar.