Konfransın işində Almaniya, Polşa, Çexiya, Norveç, Litva, Ukrayna və digər ölkələrdən tanınmış tarixçilər iştirak ediblər. Ölkəmizi bu elmi tədbirdə akademik Şahin Mustafayev təmsil edib. Azərbaycanlı alim “Şəhər mərkəzi və ətraf kənd periferiyasında toplanan vergi fərqliliyi: 1727-ci ildə Təbriz əyalətinin Osmanlı vergi dəftərinin məlumatı əsasında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə azərbaycanlı şərqşünas-tarixçi Osmanlı arxiv sənədinin məlumatlarını təhlil edərək, Təbriz şəhəri və əyalətinin timsalında orta əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmış ənənəvi Şərq cəmiyyətlərinin artıq XVIII yüzilliyin 20-ci illərində iqtisadi və demoqrafik tənəzzül keçirdiklərini və bu prosesin xüsusiyyətlərini Avropalı alimlərin diqqətinə çatdırıb. Şahin Mustafayevin məruzəsi konfrans iştirakçılarının marağına və müzakirəyə səbəb olub.