Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB

28 Sentyabr 2021

Sentyabrın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilib.

İclasa sədrlik edən İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva gündəlikdə olan ilk məsələnin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması üçün təqdim olunan təkliflərin müzakirəsinin olduğunu bildirib. İclasda Şərqşünaslıq elminin inkişaf strategiyası müzakirə edilib.

Hazırlanan sənədə əsasən qarşıya 2022-2030-cu illərdə Şərqşünaslıq İnstitutunun qarşısına Şərq ölkələrində cərəyan edən ictimai-siyasi, iqtisadi, dini və etnik proseslərin, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolunun, Azərbaycanla əlaqələrinin öyrənilməsi, Şərq ölkələrinin iqtisadi inkişafı və Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinin diqqət mərkəzində saxlanılması, Azərbaycanın xarici siyasətində Şərq amilinin, Prezident İlham Əliyevin Şərq siyasətinin ətraflı tədqiq edilməsi, türkdilli xalqların inteqrasiyası və müstəqil Azərbaycan Respublikasının  dövlət siyasətinin araşdırılması, Qarabağ və Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətinə həsr olunmuş müxtəlif materialların Şərq dillərində yayımlanması, Cənubi Azərbaycan məsələsinin elmi tədqiqinə diqqətin artırılması, Yaxın və Orta Şərq ölkələrində ictimai fikir və din tarixinin və Azərbaycanda dini durumun hərtərəfli öyrənilməsi, Azərbaycan və Şərq xalqlarının tarixinə, ədəbiyyatına, elminə və mədəniyyətinə aid əlyazmaların və qədim mənbələrin tekstoloji tədqiqi və təhlilinin, şərhli tərcüməsinin və nəşri, Şərq ədəbiyyatlarının və filologiyasının tədqiqi, Müxtəlif Şərq ölkələrinə aid təhlili-analitik bülletenlərin müntəzəm hazırlanaraq, yayımlanması kimi vəzifələr qoyulur.

Sənəddə qeyd edilir ki, Şərqşünaslıq İnstitutunda aparılan tədqiqat işləri müasir dünyada gedən qlobal proseslərin mahiyyətinin anlaşmasında, problemlərin köklərinin üzə çıxmasında və dövlətimizin strateji maraqlarına xidmət edən xarici siyasət kursunun müəyyənləşməsində xüsusi önəm daşımalıdır.

Daha sonra elmlər doktorluğu və fəlsəfə doktorluğu üzrə dissertantura və doktoranturaya qəbullarla bağlı məsələyə baxılıb. 3 nəfər fəlsəfə və 4 nəfər elmlər doktoru üzrə qəbul olunan dissertant və doktorantların mövzuları müzakirə olunaraq təsdiqlənib.

Elmi Şurada İnstitut əməkdaşlarının 3 kitabının, eləcə də 2 konfrans materialının çap olunmaq üçün müzakirəsi aparılıb. İnstitutun direktoru, akademik Gövhər Baxşəliyevanın “Ещё раз об этнической идентичности Низами Гянджеви” kitabı görkəmli şairin milli mənsubiyyəti ilə bağlı bəzi xarici dairələrdə mövcud olan yanlış təsəvvürləri dağıtmaq üçün tutarlı bir əsərdir.  Kitabın gələcəkdə ingilis dilində nəşri də nəzərdə tutulur.

Böyük şairin 880 illik yubiley ilində f.ü.f.d. Aygün Əlizadənin fars dilindən Azərbaycan dilinə tərcümə etdiyi “Nizami məktəbinin davamçısı Abdullah Hatifinin “Həft mənzər” əsərinin çapı da böyük əhəmiyyət daşıyır.

T.ü.f.d. Səməd Bayramzadənin 1-ci cildi çapa təqdim edilən “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)”  kitabı isə Cənubi Azərbaycanın tarixi məsələlərinə işıq salan əhəmiyyətli bir işdir.

İnstitutda təşkil edilən “XXI əsrdə Yunus Əmrəni anlamaq” Beynəlxalq Yunus Əmrə Simpoziumunun və “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” adlı beynəlxalq elmi konfransın materialları da çapa təqdim edilib.

Daha sonra oktyabr ayında İnstitutda keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb. İnstituda oktyabrın 8-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” adlı beynəlxalq elmi konfrans, ayın 18-də Müstəqil Azərbaycanın 30 illiyinə həsr olunmuş elmi konfransın, ayın 29-da isə Ənvər Paşanın 140 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi nəzərdə tutulur.

Sonda 2021-ci ilin plan işlərinin yerinə yetirilməsi vəziyyəti də nəzərdən keçirilib.

İclasda müxtəlif məsələlər üzrə müzakirələrdə institutun direktor müavini, akademik Şahin Mustafayev, elmlər doktoru Roida Rzayeva, fəlsəfə doktorları Esmeralda Həsənova, Zenfira Şıxəlibəyli, Gülər Qafqazlı, Səməd Bayramzadə, Fərda Əsədov, Məmmədəli Babaşlı, Sübhan Talıblı və başqaları öz fikirlərini səsləndiriblər.