İpək Yolu mədəni irsinin öyrənilməsində və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə akademik Şahin Mustafayev Özbəkistanın “Altın Miras” Beynəlxalq İctimai Fondunun medalı ilə təltif olunub.
AMEA-nın akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev Özbəkistanda keçirilən “Mədəni miras həftəsi” çərçivəsində təşkil olunmuş bir sıra beynəlxalq elmi tədbirlərdə iştirak edib. Azərbaycan alimi Səmərqənddə fəaliyyət göstərən YUNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun 25 illik yubeliyinə fəxri qonaq olaraq qatılıb, qədim Xivə şəhərində “Mərkəzi Asiya dünya sivilizasiyalarının qovşağında” mövzulu beynəlxalq konfransda “Akademik Ziya Bünyadovun elmi yaradıcılığında Xarəzm tarixinin tədqiqi” adlı məruzə ilə çıxış edib. Sonra isə o, Qaraqalpakstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərində təşkil olunmuş beynəlxalq konfransda “İpək Yolu Mərkəzi Asiya və Azərbaycanın yeni geomədəni rəmzi kimi” mövzusunda məruzə edib.