Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN ANIM TƏDBİRİ KEÇİRİLİB

24 Sentyabr 2021

Sentyabrın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin anım tədbiri keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidi Xeyrulla İbrahimovun ailə üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qaldığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun mənfur düşmənin cəbhəboyu çoxsaylı təxribatlarına cavab olaraq, ötən ilin 27 sentyabr tarixində əks-həmləyə keçərək sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı 44 günlük müharibədə azad etdiyini deyib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən Gövhər xanım, bu zəfərin Azərbaycan tarixinə Qızıl hərflərlə yazıldığına bildirib. Azərbaycan ordusunun bu müharibədə 3000-ə yaxın şəhid verdiyini deyən G.Baxşəliyeva onların torpaqları azad etmək uğrunda canlarından keçməklə ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldiklərini qeyd edib.

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədr müavini, akademik Nərgiz Axundova tədbirdə çıxış edərək, qəhrəman Azərbaycan oğullarının həyatları hesabına Vətən torpaqlarını düşmən işğalından azad edərək, xalqımızın 30 illik həsrətinə son qoyduqlarını deyib. N.Axundova bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, bu yolda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını söyləyib.

Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Günay Verdiyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Xeyrulla İbrahimovun keçdiyi döyüş yolundan danışıb. Qeyd edib ki, Birinci Qarabağ müharibəsi veteranı və qazisi Xeyrulla İbrahimov Vətən müharibəsinə könüllü olaraq yollanıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşən X.İbrahimov Erməni Silahlı qüvvələrinin canlı qüvvələrinin, dayaq məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Döyüş meydanında “Kobra” ləqəbi ilə tanınan X.İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulininin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Daha sonra şəhid Xeyrulla İbrahimova həsr edilmiş film və slayd nümayiş etdirilib.

Vətən müharibəsinin iştirakçısı olmuş Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Pərviz Ağayev keçdiyi döyüş yolundan danışıb. İnstitutun əməkdaşlarından i.ü.f.d. Məmmədəli Bababşlı, f.ü.f.d. Şəmsi Əhmədov və Saleh Dostəliyev çıxış edərək, Azərbaycan Ordusunun şanlı zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin ucalığından danışıblar.

Tədbirin sonunda şəhid Xeyrulla İbrahimovun anası Xalidə İbrahimova şəhidlərin, o cümlədən onun oğlunun ruhunu ehtiramla andıqlarına və anım tədbirinin təşkilinə görə Şərqşünaslıq İnstitutunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Xalidə xanıma oğlu şəhid Xeyrulla İbrahimovun portret rəsmini təqdim edib.