Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA BEYNƏLXALQ YUNUS ƏMRƏ SİMPOZİUMU KEÇİRİLİB

17 İyul 2021

İyulun 16-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və  Mehmet Akif Ərsoy Vəqfinin birgə təşkilatçılığı ilə “21-ci əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirilib. Onlayn şəkildə ZOOM vasitəsilə təşkil edilən Simpoziumun işində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Bosniya və Herseqovina, Misirdən 60-dan çox alim iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Simpoziumun əhəmiyyətini vurğulayaraq, XIII əsr Türk ədəbiyyatının görkəmli nümayəndəsi olan Yunus Əmrənin sadəcə Türk xalqları üçün deyil, dünya xalqları arasında da sevilən və şöhrət qazanan böyük şair olduğunu vurğulayıb. Akademik İ.Həbibbəyli Yunus Əmrə yaradıcılığına Azərbaycanda böyük maraq olduğunu, müstəqillik illərində böyük şairin əsərlərinin ölkəmizdə geniş şəkildə nəşr və tədqiq olunduğunu qeyd edərək, Türkiyədən sonra Yunus Əmrə yaradıcılığının ən çox Azərbaycanda araşdırıldığını bildirib.  Akademik İ.Həbibbəyli Azərbaycanda Yunus Əmrənin lirikasına və dilinə həsr olunan dissertasiyalar, monoqrafiyalar yazıldığını diqqətə çatdırıb.

 

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Yunus Əmrənin öz dövrünü aşaraq günümüzəcən yaşayan böyük şair olduğunu deyib. O, Türk təsəvvüf xalq ədəbiyyatının müstəsna siması olan Yunus Əmrənin yaradıcılığının öz təravətini, qüdrətini və dərin mənasını bugünəcən qoruyub saxladığını qeyd edib: “Yunus Əmrə eşq, insan sevgisi, şəfqət, mərhəmət, səbr kimi tarix boyunca yaşamış və yaşayacaq olan məfhumları canlı şəkildə dilə gətirmişdir. O adi insan duyğu və düşüncələrini ən gözəl və ən təsirli şəkildə tərənnüm etdiyi üçün yaşayan və bundan sonra da əsrlər boyu yaşayacaq olan bir şəxsiyyətdir”.

Akademik G.Baxşəliyeva Yunus Əmrənin mühitinin, yaşadığı dövrün sosial-siyasi vəziyyətinin və şeirlərinin dərinliyinin tədqiqatçılar tərəfindən dərindən araşdırılmalı olduğunu qeyd edib: “Yunus Əmrə şəxsiyyəti və yaradıcılığı yeni məlumatlar işığında təkrar-təkrar tədqiqata cəlb edilməlidir. Bu məqsədlə Mehmet Akif Ərsoy Vəqfi ilə birlikdə təşkil etdiyimiz Beynəlxalq Yunus Əmrə Simpoziumu şairin əsəsrlərinin yenidən tədqiqinə, dil və üslubunun öyrənilməsinə, təsir dairəsinin, mühitinin, yaşadığı dövrə aid yeni fikirlərin ortaya çıxarılmasına, gənc nəsillərə tanıdılmasına xidmət edəcəkdir”.

Simpoziumun Türk dünyasının elm və mədəniyyətinə faydalı olmasını arzulayan Gövhər xanım, tədbirə qatılan hər bir iştirakçıya uğurlar diləyib.

Mehmet Akif Ərsoy Vəqfinin direktoru Mehmet Cemal Çiftçigüzeli simpoziumun təşkilinə görə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə və akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevaya dərin təşəkkürünü bildirib. Vəqfin rəhbəri Yunus Əmrənin türk ədəbiyyatı tarixində müstəsna yerini qeyd edərək, onun yaradıcılığından, bu yaradıcılığa təsir edən yaşadığı mühitdən danışıb. Mehmet Cemal Çiftçigüzeli Yunus Əmrənin Azərbaycana qədər gəlib çıxdığını, Təbrizdə, Naxçıvanda, Şamaxıda olduğunu qeyd edib.

Sonra məruzələr başlanılıb. Simpoziumda 35-ə yaxın məruzə dinlənilib. Yunus Əmrə irsinin məşhur türkiyəli tədqiqatçısı, professor Mustafa Tatçı “Türkiyədə Yunus Əmrə tədqiqatlarının tarixi” mövzusunda məruzə edib. M.Tatçı məruzəsində Türkiyədə və dünyada Yunus Əmrə yaradıcılığının araşdırılması ilə bağlı məlumatları paylaşıb, Türkiyədə aparılan araşdırmalardan geniş bəhs edib.

Daha sonra tədbirə Fransadan qatılan yazıçı-publisist Leyla İpekçinin “Bir yazarın qələmindən Yunus Əmrə”, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevayanın “Əsrlərdən günümüzə səslənən Yunus Əmrə”, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayevin “Yunus Əmrə və özbək divan ədəbiyyatında Xoca Əhməd Yəsəvi təsiri”, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, f.ü.f.d. Səriyyə Gündoğdunun “Sosial məsələlərə yanaşma baxımından Yunus Əmrə və Mehmet Akif  Ərsoy”, Qazaxıstanın Astana Universitetinin professoru Şakir İbrayevin “Yunus Əmrənin şeirlərində “trans” halı”, Bosniya Herseqovinanın Sancaq Mədəniyyət Mərkəzindən - Almira Suljeviçin “Yunus Əmrənin bosniya dilinə tərcümələri”, Misirin Ayn-Şəms Universitetinin professoru  Hafız Müntəzirin “Yunus Əmrənin ərəbcə tərcümələri” mövzularında və s. məruzələr dinlənilib.