Fransız zabiti Avqust Bentonun “Səfərnamə” əsəri, onun 1807-ci ildə Türkiyə yolu ilə İrana gəlişi boyu və burada fəaliyyət göstərdiyi müddətdə qələmə aldığı təəssüratlarıdır.
1807-ci ilin mart ayında Avqust Benton Türkiyə və İrana ezam olunub. O, İstanbulda qısa müddətdə Fransa səfiri general Sebastiyaninin komandanlığı altında işləyib, minbaşı rütbəsi alıb və Fransanın nümayəndəsi kimi İrana göndərilib. O, İranda bu dövlətlə ikitərəfli əlaqələr qurmalı və Abbas Mirzənin ordusunun yenidən təşkilinə kömək etməli idi.
Abbas Mirzə və Fətəli şah Avqust Bentonu böyük ehtiramla qarşılayıb, onu “Şir-ü-xurşid” medalı ilə təltif ediblər.
Səfərnamə ədəbiyyatı tarixə işıq tutması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır. Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri də ifadə edilə bilər. Bununla belə, səfərnaməni yazan şəxs özü o hadisələri görmüş, eşitmiş, bir çox hallarda isə şəxsən yaşamışdır. Ona görə də tarixin, o tarixdə baş verən hadisələrin, tarixi coğrafiyanın, dövrün ictimai, iqtisadi, ədəbi-bədii, mədəni və siyasi mənzərəsinin, xalqın (xalqların) həyat tərzi, məişəti, inancının, bütövlükdə dil, ədəbiyyat və mədəniyyətinin, dövrün idarəçilik sisteminin, fərdi və ictimai, eləcə də dövlətdaxili və dövlətlərarası münasibətlərin, müəyyən elmlərin, cəmiyyətin və təbiətin digər məsələlərinin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolu danılmazdır. Bu baxımdan fransız hərbçisi Avqust Bentonun “Səfərnamə” əsəri də istisna deyildir. Əksinə, o, səfərnamə ədəbiyyatında əhəmiyyətli tarixi mənbələrdən biri hesab olunur.
Avqust Benton “Səfərnamə”sində özünün siyasi vəzifələrindən bəhs etmir, lakin belə məlum olur ki, onun əsas vəzifəsi İranda Fransa təsirini artırmaq və bu ölkəni Rusiya ilə müharibəni davam etdirməyə təşviq etmək olub. Bu konteksdə o, Abbas Mirzənin ordusunun yenidən qurulmasında və təlimatlandırılmasında iştirak edib. O, “Səfərnamə”sində bundan ətraflı bəhs edir.
Avqust Bentonun “Səfərnamə” əsəri üslub baxımından məktublar şəklində yazılıb. Əsərin birinci hissəsi Adriatik (Aralıq) dənizi sahilindəki Esplatodan İstanbula səfəri əhatə edir. İkinci fəsil isə müəllifin Abbas Mirzənin ordugah və sarayındakı həyatını, eləcə də, Fətəli şahla görüşünü ehtiva edir.
Mənsurə İttihadiyyə tərəfindən fars dilinə tərcümə olunan bu əsərin ədəbi dəyəri, demək olar ki, yoxdur. Ancaq nəzərə alınmalıdır ki, Avqust Benton “Səfərnamə”ni qələmə alanda gənc bir zabit idi və səfər boyu bir çox çətinliklərlə üzləşmişdi. Bu çətinliklərin əsasını onun fars dilini bilməməsi, eləcə də, yaxşı bir tərcüməçiyə sahib olmaması təşkil edirdi. Bununla belə, onun yol boyu apardığı qeydiyyatlar, eləcə də, Abbas Mirzənin ordugah və sarayındakı yaşayışı, həmçinin, Fətəli şahla görüşü ilə bağlı verdiyi məlumatlar, xüsusən, tədqiqatçılar üçün diqqətəlayiqdir.
Avqust Benton öz səfərinin son hissəsini, yəni general Qardanla görüşündən sonranı şərh etmir. Buna görə də oxucu onun nə zaman və nə səbəbdən İranı tərk etdiyini bilə bilmir. Ancaq onun adı general Qardenin komandanlığı altında İranda fəaliyyət göstərmiş zabitlərin sırasında yer almışdır. Bu barədə “General Qardenin İranda ezamiyyəti” əsərində məlumat verilib.
Tərcümənin diqqətəlayiq tərəflərindən biri də odur ki, Ş.Pənahöğlu, özünün əvvəlki 4 səfərnamə tərcümələrində olduğu kimi, girişdə bəzi məsələlərə aydınlıq gətirir, müəllifin bilərəkdən, yaxud bilməyərəkdən qaynaqlanan təhriflərini şərh edir.