Aprel ayının 13-15-də Türküstan vilayətinin rəhbərliyi və Qazaxıstan EA A.Marqulan adına Arxeologiya İnstitutunun təşəbbüsü ilə bu şəhərin tarixi yaşının müəyyənləşdirilməsinə həsr olunan beynəlxalq elmi-praktik sessiya təşkil edilib. Bu tədbirdə iştirak etmək üçün Rusiya, ABŞ və digər ölkələri və bir sıra beynəlxalq təşkilatları təmsil edən tanınmış alim və ekspertlər dəvət olunmuşdu. Tədbirdə Azərbaycanı AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin binasında baş verən dəyirmi masada alimlər Türküstanın tarixi yaşının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələr və fikir mübadiləsi aparıb və yekun bəyannamə imzalayıblar. Bundan əlavə, xarici qonaqlar şəhər ərazisində aparılan iri miqyaslı arxeoloji qazıntılar və onların nəticələri ilə tanış olublar. Akademik Şahin Mustafayev yeni açılmış müasir tipli Türküstan Milli Kitabxanasında yerli və xarici alimlər və tələbələlər qarşısında “İpək Yolu və Azərbaycanın tarixi” mövzusunda məruzə ilə çıxış edib.