Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “NİZAMİ LEKSİKASININ TƏDQİQİNƏ DAİR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

16 Aprel 2021

     Aprelin 15-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində “Nizami leksikasının tədqiqinə dair (M.Məmmədovanın tədqiqatları əsasında)” mövzusunda seminar keçirilib.
     Tədbiri giriş sözü ilə açan institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda həyata keçirilən tədbirlər sırasında növbəti seminar dahi şairin əsərlərinin leksikasının tədqiqinə həsr olunub. M.Kazımov Nizami dilinin klassik fars dili mühitində öz çoxmənalılığı, rəngarəngliyi ilə seçildiyini bildirib. Qeyd edib ki, Nizami yaradıcılığında bir söz bir neçə məna verir, ona görə də şairin əsərlərinin tərcüməsi də heç də asan olmur.

     Seminarda Şərqşünaslıq İnstitutun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlu “Nizami leksikasının tədqiqinə dair (M.Məmmədovanın tədqiqatları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Tanınmış şərqşünas alim, pedaqoq Mənzərə Məmmədovanın Nizami Gəncəvi dilinin leksikasına həsr olunan tədqiqatlarından ətraflı danışan məruzəçi bildirib ki, dünya nizamişünaslığında Nizaminin leksikası ilə bağlı ən müfəssəl elmi-tədqiqat işi məhz şairin Vətənində - Azərbaycanda M.Məmmədova tərəfindən aparılıb. M.Məmmədovanın tədqiqatları “XI-XVII əsr fars dili izahlı lüğətlərinin əsas tərtib prinsipləri” monoqrafiyasında, eləcə də “Nizami Gəncəvi dilinin leksik üslubu (“İsgəndərnamə” üzrə)” və 2 cildlik “Nizami Gəncəvi dilinin lüğəti (“Şərəfnamə” üzrə)” əsərlərində ümumiləşdirilib.
     Daha sonra məruzə ətrafında müzakirə aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.