Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ƏLAƏDDİN ÇƏLƏBİNİN “KİTABİ-TACİ-ƏDƏB” ƏSƏRİNİN TEKSTOLOJİ TƏDQİQİNƏ DAİR KİTAB ÇAP OLUNUB

06 Aprel 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İnci Qasımlının “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli  mətni” kitabı işıq üzü görüb.

      Monoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi aparılıb. Kitabın “Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı və yaradıcılığı” adlı birinci fəslində “Kitabi-taci-ədəb”in müəllifinin həyatı tədqiq edilir, onun yaradıcılıq fəaliyyəti dövrünün ədəbi mühiti barədə ətraflı məlumat verilir.

 

     “Klassik türk ədəbiyyatı və Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsəri” adlı ikinci fəsildə klassik türk nəsrinin inkişaf mərhələlərinin geniş aspektdə təhlili aparılır, əsərin ideya-tematik əsasları tədqiq edilir.  “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi” adlı üçüncü fəsildə xronoloji ardıcıllıqla əsərin əlyazma nüsxələrinin elmi-paleoqrafik təsviri verilir, əsərin tekstoloji tədqiqi aparılır.