AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov "Azərbaycanda müxtəlif din və mədəniyyətlərin sülh və əmin-amanlıq şəraitində mövcudluğu" mövzusunda vebinarda iştirak edib. Amerika Birləşmiş Ştatlarının Texas, Dallas Cənubi Metodiki Universitetləri, Azərbaycan Respublikasından ADA Universitenin və AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimlərinin iştirak etdiyi vebinarın təşkilatçısı Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi Cəmilə Cavadova-Spitsberq olub.
Vebinarın moderatoru Cənubi Metodiki Universitetnin qlobal dini təhsil şöbəsinin müdiri, Perkins ilahiyyat məktəbinin professoru Robert Hant olub. Qonaq qismində Azərbaycandan Fərda Əsədov və Nəriman Qasımoğlu qatılıblar.
Alimlər çıxışlarında Azərbaycanda qədim dinlərin və mədəniyyətlərin yaranması və formalaşması, Azərbaycanın dini tarixində iudaizm, Azərbaycan ərazisində Qafqaz Albaniyası xristianlığı: Alban kilsələrinin ərəb-müsəlman hücumlarından rus hökmdarlığına qədər taleyi, həmçinin Azərbaycan əhalisinin dini xüsusiyyətləri və s. məsələlərə toxunublar.