Mərkəzin qərargah rəisi kimi bir sıra cəbhə və cəbhəətrafı rayonlarda olan Namiq Abdullayev orada gənc döyüşçülərimizə hərbi silah və sursatdan düzgün istifadə etməyi, təmiri, atəş nöqtələrində hansı şəraitdə necə davranmağı öyrədir, eyni zamanda döyüş ruhunu artırmaq məqsədi ilə təbliğat işləri də aparırdı.
Döyüşlərin ən gərgin nöqtələrindən biri olan Hadrutda da bu fəaliyyətini göstərən Namiq müəllim ordumuzun müharibəyə yüksək səviyyədə hazır olduğunu, savadlı döyüş aparıldığını deyir. O, bu cür hazırlığımızı görən düşmən əsgər və zabitlərinin döyüşdən qaçdıqlarını bildirir.
İnstitutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, ərəbşünas alim Pərviz Ağayev müharibəyə könüllü qatılaraq Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə rəşadətlə iştirak edib.
Pərviz yay aylarında Tovuz hadisələri zamanı döyüşlərdə könüllü iştirak etmək üçün onlayn qeydiyatdan keçmişdi. Vətən müharibəsində isə qismən səfərbərlik elan olunan gün hərbi komissarlığa yollanmışdı.
Böyük həvəslə yola düşdüyünü söyləyən Pərviz ilk olaraq müəyyən təlim keçdikdən bir neçə gün sonra Füzuli istiqamətində işğaldan azad olunmuş ərazilərdə yerləşdiklərini deyir: "Həmin ərazilər müdafiə olunmalı idi. Ən çox Füzulinin Qacar və Dilağar kəndləri istiqamətində olduq. Aşağı və Yuxarı Veysəlli kəndləri istiqamətində olduq. Hansı ki, Xocavəndin bütün yüksəklilkəri həmin ərazilərə aid idi. Ermənilərin tikdiyi hərbi şəhərçikdə yerləşmişdik. Həmin ərazilər düşmənə məlum olduğu üçün hədəfə alınaraq dəfələrlə atəşə tutulmuşdu. İlk həyati təhlükə orada oldu. Mərmi tam yaxınlığımıza düşdü".
P.Ağayev cəbhədə ona çatdırılan əlcəklərin içindən 4-cü sinif şagirdinin məktubunun çıxdığını deyir: “Həmin şagird valideynlərin ona verdiyi şirniyyat pulunu yığaraq əlcəkləri almışdı. Soyuq Füzuli və Xocavənd dağlarında o əlcəklərdən istifadə etmək tamam başqa bir hiss idi, qürur verirdi".