Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILDI

12 Dekabr 2020

Dekabrın 11-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışdı: «Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Ulu öndər həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu».

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini xatırlatdı. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk edildiyini söyləyən G.Baxşəliyeva, bu gün onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanı yüksək inkişaf etdirdiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində düşmən üzərində qələbə qazanaraq torpaqları işğaldan azad etdiyini vurğuladı.
G.Baxşəliyeva ümummilli liderin xatirəsinin xalqımız tərəfindən həmişə dərin ehtiramla yad olunduğunu dedi.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Heydər Əliyevin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən danışdı. S.Bayramzadə, Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfələrə xüsusi diqqət çəkdi.
Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova anım tədbirində çıxış edərək bildirdi ki, bu gün biz Ulu öndəri zəfər çalmış Azərbaycan vətəndaşı kimi qürurla anırıq. L.Bayramova Heydər Əliyevin Azərbaycanın və hər bir azərbaycanlının həyatında və taleyində silinməz izlər qoyduğunu deyərək, xalqımızın Ulu öndəri həmişə Azərbaycanı sevən və bütün həyatını sevdiyi Azərbaycanına həsr edən, onun uğrunda çalışan, hər addımını vətəni və xalqı üçün atan, ürəyi hər saniyə bu məmləkət üçün döyünən bir şəxsiyyət, bir siyasətçi kimi xatırlayacaq.