Monoqrafiyada Birinci Dünya Müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri, eləcə də, Rusiyanın köməyi sayəsində yaradılan birləşmiş erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində) 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır. Oxuculara təqdim olunan kitabda bəzi Qərb dövlətləri və çar Rusiyası nümayəndələrinin, eləcə də missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində dənizdən dənizə «Böyük Ermənistan» yaratmaq məqsədilə erməniləri təşkilatlandırıb silahlandırmaları mötəbər mənbələr əsasında araşdırılıb təhlil edilir.
Əsər giriş, 3 fəsil və nəticədən ibarətdir. Birinci fəsildə I Dünya Müharibəsi illərində Cənubi Azərbaycanda iqtisadi, sosial və siyasi şərait nəzərdən keçirilir, Cənubi Azərbaycanın qərb bölgəsində birləşmiş erməni-aysor silahlı dəstələrinin yaradılmasından bəhs edilir.
İkinci fəsildə 1918-ci ildə Cənubi Azərbaycanda soyqırımın törədilməsində missioner təşkilatların rolu araşdırılır.
Üçüncü fəsildə Urmiya, Salmas, Xoy və ətraf ərazilərdə azərbaycanlılara qarşı törədilən soyqırımı və onun nəticələrindən bəhs edilir. Bu fəsildə Andranikin 1918-ci il iyul ayının 22-də Xoy şəhərinə hücumu da öz əksini tapıb. Lakin Xoy əhalisinin ciddi müqaviməti və Osmanlı qoşununun vaxtında köməyə çatması Andranikin planlarını iflasa uğradılıb.
Kitabın sonunda təqdim edilən əlavələrdə Cənubi Azərbaycanın qərb bölgəsində 1918-ci ildə birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırımına aid sənədlər, hadisələrin şahidlərinin xatirələri təqdim edilir.