Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclasın gündəliyində yer alan bir sıra elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib. Akademik Ramiz Mehdiyev bildirib ki, iclasda AMEA Rəyasət Heyətinin kadr potensialının gücləndirilməsi, müasir qloballaşma şəraitində virtual mühitdə milli kontentin inkişaf etdirilməsi, xalqımızın tarixi, ədəbi, mədəni irsinin qorunub saxlanılması və geniş təbliği, prioritet və aktual elmi istiqamətlər üzrə kompleks proqramların qəbul edilməsi, dünyanın nüfuzlu qurumları ilə qarşılıqlı elmi əməkdaşlıq kontekstində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, AMEA-nın elmi müəssisələrinin strukturunun və elmi kadr hazırlığı sisteminin daha da təkmilləşdirilməsi, görkəmli alimlərin yubileylərinin qeyd edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
İclasda bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, qərarlar qəbul edilib. AMEA Şərqşünaslıq İnstitutuun direktoru, görkəmli şərqşünas alim, akademik Gövhər Baxşəliyeva AMEA Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən təyin edilib. Eyni etimad görkəmli alim-onkoloq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə də göstərilib.