Print this page

ŞƏRQŞÜNAS ALİM İLAHİYYAT İNSTİTUTUNUN TƏDBİRİNDƏ

09 Yanvar 2020

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə keçirdiyi “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfransın materialları dərc olunub.

Aİİ-də bununla bağlı keçirilən tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov konfransın materiallarının çap edilməsinin nəsimişünaslar üçün böyük əhəmiyyətə malik olacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bildirib ki, İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizmin mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Səadət Şıxıyeva dahi mütəfəkkirin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.

 

Şərqşünas alim, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəyli İmadəddin Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin yüksək bədii-estetik səviyyəyə malik poeziyasından bəhs edib.

Tədbirdə həmçinin MDTF-nin icraçı direktoru Mehman İsmayılov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, Şərqşünas-yazar, nəsimişünas Vüsal Hətəmov çıxış ediblər. Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.