Print this page

“ORTA ƏSR İSLAM FİKRİNDƏ DİN VƏ FƏLSƏFƏ” MONOQRAFIYASI İŞIQ ÜZÜ GÖRÜB

04 Dekabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Orta əsr İslam fikrində din və fəlsəfə” monoqrafiyası işıq üzü görüb.

Kitabda orta əsr islam fikrində din-fəlsəfə münasibətləri klassik və müasir mənbələr əsasında kompleks şəkildə öyrənilib, orta əsr islam rasional fikrinin təşəkkülü tarixi, rasional proseslər və din-fəlsəfə münasibətləri, Quranda rasional düşüncə tərzinə, ağıla verilmiş əhəmiyyət, peyğəmbər və səhabələrin yaşadıqları dövrün rasional mənzərəsi, erkən islam dövründə rasional düşüncə tərzinin təşəkkülü və ilk rasional təlimlərin yaranmasında daxili və xarici amillərin rolu, qeyri-fəlsəfi rasional islam fikrində iman-ağıl münasibətləri və bu zəmində ortaya çıxmış ziddiyyətlərin səbəbləri, rasional-dini təlimlərin metodoloji bazasında dinin ehkamlarının yeri, sufilik, “Saflıq qardaşları” və işraqilik təlimlərində iman-ağıl məsələləri, islam fəlsəfəsi – məşşailikdə isə din-fəlsəfə problemi öyrənilib, əlaqələr ideya və konsepsiyalar təhlil olunub.

 

Həmçinin müəllif məşşai filosofların din-fəlsəfə münasibətləri probleminin həlli cəhdlərinin ilahiyyatçılar tərəfindən tənqid edilməsinin səbəblərini, din-fəlsəfə münasibətləri probleminə bəzi ənənəvi baxışların qeyri-obyektivliyini, islam fikrində dinlə rasional təfəkkürün əksliyinin qeyri-mümkünlüyünü göstərib.