Print this page

Şərqşünaslıq İnstitutunun əməkdaşı Naxçıvanda konfransda məruzə edib

07 Noyabr 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin əməkdaşı Fəridə Əhmədova noyabrın 30-31-də Naxçıvan Dövlət Universitetində keçirilən Doktorant və Gənc Tədqiqatçılar Respublika Elmi Konfransında iştirak edib.

 

F.Əhmədova konfransda “Azərbaycanda Ərəb dilinin öyrənilməsində qarşılaşılan lingivistik çətinliklər” mövzusunda məruzə edib. Məruzəçi Azərbaycanda ərəb dilini öyrənənlərin qarşıya çıxan əsas linqvistik çətinliklərin fonetik, morfoloji, sintaktik və leksik səviyyələrdə müşahidə olunduğunu deyib. O bildirib ki, ərəb dilində Azərbaycan dilində qarşılığı olmayan və ya fərqli şəkildə tələffüz edilən bəzi səslərin mövcudluğu, xüsusilə ع،ح،خ،ص،ض،ط،ظ،ق səslərinin düzgün tələffüzü və fərqləndirilməsi fonetik çətinliklər yaradır. Morfoloji səviyyədə kök və qəlib sistemi, fel formaları, zəif fellər və sınıq cəmlərin mənimsənilməsi öyrənənlər üçün mürəkkəblik təşkil edir. Sintaktik baxımdan isə i‘rab sistemi, sözlərin cümlədəki funksiyasının müəyyənləşdirilməsi, cins, ikilik və müxtəlif cümlə strukturları əsas çətinliklər sırasında yer alır. Leksik səviyyədə isə sözlərin çoxmənalılığı, sinonimlərin çoxluğu və ərəb ədəbi dili ilə dialektlər arasındakı fərqlər öyrənmə prosesini çətinləşdirə bilər.