Print this page

Məktəbli forması şagirdlər arasında sağlam rəqabət yaradır - Gülər Qafqazlı

19 Oktyabr 2026

Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunması, geyimə görə ayrı-seçkiliyin qarşısının alınması və diqqətin təhsilə yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı bildirib.

“Şübhəsiz ki, məktəblilər üçün vahid geyim – məktəbli forması olmalıdır. Bu zaman məktəbə gələn, cinsindən, irqindən və etiqadından asılı olmayaraq heç bir şagird geyiminə görə digərindən fərqlənmir. Əksinə, vahid geyim forması onların bərabərliyini təmin edir. Nəticədə şagirdlər geyim fərqlərinə deyil, biliklərinə, fikirlərinə, təhsilə və elmə daha çox diqqət yetirirlər. Beləliklə, məktəblilər arasında sağlam rəqabət mühiti formalaşır və onların özlərini inkişaf etdirməsi üçün əlverişli şərait yaranır”, – deyə G.Qafqazlı qeyd edib.

Azyaşlı qızların baş örtüyü məsələsinə də münasibət bildirən alim vurğulayıb ki, bu yaşda uşaqların qərarlarının hansı şəraitdə formalaşmasına diqqət yetirilməli, onların öz istəkləri və düşüncələri nəzərə alınmalıdır.

Onun sözlərinə görə, bəzi hallarda azyaşlı qızlar baş örtüyünü onun mahiyyətini və məsuliyyətini tam dərk etmədən, ailənin və ya böyüklərin istəyi, yaxud kənar təsirlər nəticəsində bağlaya bilərlər. Belə hallarda uşaqlarla düzgün ünsiyyət qurmaq, onların fikirlərini dinləmək və məsələni dialoq yolu ilə izah etmək vacibdir.

G.Qafqazlı hesab edir ki, bu istiqamətdə məktəb psixoloqlarının iştirakı ilə maarifləndirici söhbətlərin aparılması daha məqsədəuyğun olar. Uşaqlarla ünsiyyətdə onların yaş xüsusiyyətləri və psixoloji vəziyyəti nəzərə alınmalı, məsələnin qarşılıqlı anlaşma əsasında həllinə çalışılmalıdır.

Alim Azərbaycanın demokratik, tolerantlıq və birgəyaşayış ənənələrinə malik dövlət olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə müxtəlif dinlərə, etiqadlara və irqlərə mənsub insanlar yaşayır, dini etiqad azadlığı isə cəmiyyətin mühüm dəyərlərindən biridir. O, Azərbaycanın müxtəlifliyə baxmayaraq birlik nümayiş etdirmək bacarığını 44 günlük Vətən müharibəsinin parlaq nümunəsi kimi səciyyələndirib. Qeyd edib ki, cəmiyyətin birliyini və qarşılıqlı anlaşmanı qorumaqla məktəblərdə yaranan məsələlərin də konstruktiv dialoq yolu ilə həllinə nail olmaq mümkündür.

“Ümid edirik ki, azyaşlı qızlarımızla düzgün aparılan danışıqlar öz töhfəsini verəcək”, – deyə alim fikrini yekunlaşdırıb.

Müxbir - Tünzalə Arazlı