İslam mədəniyyəti və sivilizasiyasının zəngin irsini ilk dəfə vahid “atlas”da sistemli şəkildə təqdim edən bu fundamental əsər islam dünyagörüşü, etiqad sistemi, ənənələri, ictimai institutları və tarixi inkişaf prosesini geniş elmi əsaslarla əks etdirir. Zəngin xəritələr, illüstrasiyalar və cədvəllərlə müşayiət olunan nəşrdə müsəlman dünyasında ibadət həyatı, elm, incəsənət, hüquq, fəlsəfə, memarlıq və siyasət sahələrindən təşəkkül tapan mədəniyyət və sivilizasiya hərtərəfli şəkildə təhlil edilir.
Müəlliflər İslam sivilizasiyasının tarixi köklərini araşdıraraq ərəblərin, Mesopotamiya xalqlarının, kənanilərin, yəhudilər və digər qədim sivilizasiyaların təsirlərini müqayisəli şəkildə nəzərdən keçiriblər. Bununla yanaşı, onlar islamın müxtəlif etnik və mədəni cəmiyyətləri vahid etiqad, ümumi dəyərlər sistemi və harmonik sivilizasiya modeli ətrafında necə birləşdirdiyini elmi faktlar əsasında sübut etməyə çalışıblar.
Klassik və müasir elmi araşdırmaları özündə birləşdirən bu əsər islamı daxili məntiqi və özünəməxsus dünyagörüşü çərçivəsində təqdim edir, Qərb elmi ədəbiyyatında bəzən diqqətdən kənarda qalan və ya təhrif olunan bir sıra məsələlərə aydınlıq gətirir. Bu baxımdan, kitab yalnız İslam sivilizasiyasının tarixi və mədəni inkişafını öyrənən tədqiqatçılar üçün deyil, ümumilikdə din fenomeni ilə maraqlanan hər bir oxucu üçün mühüm elmi mənbə kimi qəbul oluna bilər.