Print this page

Şərqşünas alim İstanbulda keçirilən beynəlxalq konfransda məruzə edib

21 Sentyabr 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 19-20 sentyabr 2026-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil edilən VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında iştirak edib. Konfransa dünyanın 25 ölkəsindən iştirakçılar qatılıb.



Şərqşünas alim konfransda “Siyasi düşüncənin simvolik aspekti və media” adlı məruzə ilə çıxış edib.

Roida Rzayeva məruzəsində media sisteminin və daha geniş mənada media mədəniyyətinin transformasiyasının həm sosial, həm də fərdi səviyyədə kommunikasiya təcrübələrində, eləcə də sosial proseslərdə iştirak potensialında özünü göstərdiyindən bəhs edib. Arxetiplərin, miflərin, stereotip və simvolların siyasi ruhun əsas tərkib hissələri kimi çıxış etdiyi diqqətə çardırılıb, buna görə də siyasi düşüncənin simvolik ölçüsündən danışmağın mümkün olduğu vurğulanıb. Məruzədə bu gün “yumşaq güc”ün siyasətdə dəyişən prioritetlərin əksi olduğu qeyd olunub.

Professor məruzəsində qeyd edib ki, “yumşaq güc” müasir siyasətin bir elementidir, o, qeyri-zorakı təsir üsulları, vasitə və texnologiyalar vasitəsilə geostrateji məqsədlərə çatmaq üçün istifadə olunur, bu da onu idarəetmə siyasətinin bir forması edir. Bu səviyyədə “yumşaq güc”ün ideologiyanın yeni və müasir forması hesab olunduğu vurğulanıb. Məruzədə həmçinin bildirilib ki, bilik “yumşaq güc” anlayışının əsas komponentlərindən biridir və informasiya cəmiyyəti inkişaf etdikcə onun dünyada rolu davamlı şəkildə artır. Vurğulanıb ki, “informasiya hücumları” vasitəsilə ictimai şüura təsir göstərmək üçün nəzərdə tutulmuş yeni metodlar, texnikalar və texnologiyalar biliyi güclü bir geosiyasi silaha çevirir.

Alimin məruzəsi maraqla qarşılanıb.