E.Mustafayev çıxış zamanı azərbaycanlı alim və mütəfəkkirlərin İslam mədəniyyətinin və elmlərinin inkişafındakı müstəsna rolu, ələlxüsus, fəlsəfə, məntiq, dilçilik və sairə rasional elmlər üzrə ərsəyə gətirdiyi kitabları, o cümlədən onların dünyanın ən müxtəlif kitabxana və muzeylərində qorunan əlyazma əsərləri haqqında ətraflı şəkildə bəhs edib.
Daha sonra Seyid Yəhya Bakuvinin Azərbaycan elmi-fəlsəfi fikrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyətləri, elmi ictimaiyyətə məlum olan 20-ə yaxın əsəri və bu əsərlərin məzmunu barəsində ətraflı məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzədə Seyid Yəhya Bakuvinin Türkiyə Cümhuriyyəti Süleymaniyyə kitabxanasında mühafizə edilən "Şifaül-əsrar" əsərində qeyd edilən mənəvi kamilləşmə, ruhi tərbiyə, əxlaqi fəzilətlərin təsnifatı haqqında söhbət açılıb, Bakuvinin yaratdığı ümumbəşəri dəyərlərin Azərbaycan modelinin səciyyəvi cəhətləri və elmi siqləti barəsində bəhs edilib.