Print this page

Rəqəmsal transformasiya dövründə şərqşünaslıq: ənənəvi tədqiqat modellərindən rəqəmsal humanitar tədqiqatlara keçid

02 İyul 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi Forumu çərçivəsində AMEA-nın Rəyasət Heyətində keçirilən "Rəqəmsal Türkologiya" panelində "Rəqəmsal transformasiya dövründə şərqşünaslıq: ənənəvi tədqiqat modellərindən rəqəmsal humanitar tədqiqatlara keçid" adlı məruzə ilə çıxış edib.

 

Məruzə zamanı qeyd edilib ki, rəqəmsal inkişaf, süni intellekt və şərqşünaslıq elminin kəsişməsi hazırda elm dünyasında ən aktual və sürətlə inkişaf edən istiqamətlərdən biridir. Bu sahə təkcə qədim mətnlərin rəqəmsallaşdırılmasını deyil, həm də Şərq mədəniyyəti, dilləri və fəlsəfəsinin müasir texnologiyalarla yenidən interpretasiyasını əhatə edir.

Bildirilib ki, müasir dövrdə humanitar elmlərin rəqəmsallaşdırılması (“Digital Humanities”) elmi inkişafın əsas istiqamətlərindən biridir. Azərbaycan şərqşünaslıq məktəbinin zəngin irsi müxtəlif arxivlərdə, kitabxanalarda, institutlarda və şəxsi fondlarda pərakəndə şəkildə saxlanılır. Bu isə, elmi dövriyyənin məhdudlaşdırılmasına, məlumatların itirilməsi riskininin artmasına, beynəlxalq əlçatanlığın zəifləməsinə, gənc tədqiqatçıların resurslara çıxışının çətinləşməsinə yol açır.

Məruzəçi bildirib ki, XXI əsrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafının humanitar elmlərin bütün sahələrində olduğu kimi, şərqşünaslıq elminə də ciddi təsir göstərməsinə heç şübhə yoxdur. Ənənəvi olaraq əlyazmaların, tarixi mənbələrin, dil materiallarının və mədəni irsin öyrənilməsi ilə məşğul olan şərqşünaslıq son illərdə rəqəmsal transformasiya prosesinə qoşularaq yeni tədqiqat metodları və alətləri ilə bağlı böyük imkanlar əldə edir. Bu dəyişiklik yalnız texniki yenilənmə ilə müşahidə olunmur, eyni zamanda elmi düşüncə və metodologiyanın yenidən formalaşmasını təmin edir.

Bu mənada, rəqəmsal transformasiya dövründə rəqəmsal humanitar elmlər (“Digital Humanities”) məhz bu kontekstdə humanitar biliklərlə informasiya texnologiyalarının inteqrasiyasını təmin edən multidissiplinar sahə kimi meydana çıxır. Şərqşünaslıq elmi də bu prosesdən kənarda qalmır, ənənəvi mətnşünaslıq, əlyazmaşünaslıq, mənbəşünaslıq və epiqrafika kimi istiqamətlər rəqəmsal texnologiyalar vasitəsilə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Çıxış zamanı, dinləyicilərin nəzərinə çatdırılıb ki, rəqəmsal transformasiya şərqşünaslığın metodoloji əsaslarını dəyişdirərək onu yeni inkişaf mərhələsinə çıxarır. Ənənəvi mənbəşünaslıq, əlyazmaşünaslıq və filoloji tədqiqatlar artıq rəqəmsal humanitar elmlərin təqdim etdiyi imkanlarla tamamlanır. Süni intellekt və rəqəmsal arxivlər Şərq irsinin daha geniş və sistemli şəkildə öyrənilməsinə şərait yaradır. Bu proses həm elmi araşdırmaların səmərəliliyini artırır, həm də bəşəriyyətin zəngin Şərq mədəni irsinin gələcək nəsillər üçün qorunmasına xidmət edir.