Print this page

Şərqşünaslıq İnstitutunda Azərbaycan dilinin farsdilli ədəbiyyata təsiri haqqında dissertasiya uğurla müdafiə edilib

16 İyun 2026

yunun 16-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan elmi ictimaiyyəti üçün əhəmiyyətli mövzuda fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Nazim Mənsimov “İran dilləri” ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Cənubi Azərbaycan şairlərinin farsdilli yaradıcılığına Azərbaycan dilinin təsiri” mövzusunda dissertasiya işini müdafiə edib.



Müdafiə prosesi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının bazasında yaradılmış BFD 1.18 Birdəfəlik dissertasiya şurasının iclasında baş tutub.

Dissertasiya Azərbaycan dilinin Cənubi Azərbaycan şairlərinin vasitəsilə farsdilli ədəbiyyata təsirini göstərmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu tədqiqatın əsas məqsədi Cənubi Azərbaycan şairlərinin fars dilində qələmə aldığı ədəbi əsərlərdə Azərbaycan dilinin təsirini aşkara çıxarmaq, həmin təsirin mahiyyətini və formalarını təhlil etmək, bu təsirin onların poetik dünyagörüşünə və ədəbi üslubuna necə sirayət etdiyini müəyyənləşdirməkdir. Məqsəd həmçinin bu yaradıcılıq nümunələrinin milli-mədəni kimlik kontekstində təhlili və farsdilli ədəbiyyatda Azərbaycan poetik düşüncəsinin mövqeyini göstərməkdir.

AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə keçirilən müdafiədə iddiaçı Nazim Mənsimov çıxış edərək dissertasiyası haqqında məlumat verib. İddiaçının elmi rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva, rəsmi opponentlər – akademik Möhsün Nağısoylu, filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimova, filologiya üzrə fəlsəfə doktoru Rüstəm Lazımov, eləcə də dissertasiya şurasının üzvləri çıxış edərək, öz müsbət fikirlərini bildirib, eləcə də qeydlərini diqqətə çatdırıblar. Çıxış edənlər dissertasiya işinin aktual bir problemi əhatə etdiyini və iddiaçının qarşıya qoyulan məqsədə tam nail olduğunu ifadə ediblər.

Yekunda gizli səsvermə nəticəsində Şura üzvlərinin yekdil qərarı ilə dissertasiya işi müsbət qiymətləndirilib və Nazim Mənsimova fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi barədə Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.