Print this page

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya keçirilib

26 May 2026

Mayın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 28 May Müstəqillik Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda elmi sessiya keçirilib.



Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 1918-ci il mayın 28-də yaradılan Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb, bu dövrdə Azərbaycanın ilk parlamentinin, hökumətinin yaradıldığını, dövlət atributlarının təsis edildiyini, sərhədlərin müəyyənləşdirildiyini, təhsilin milliləşdirildiyini, Milli Ordunun yaradıldığını, Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb.

G.Baxşəliyeva 1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdiyini söyləyərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2021-ci ildə imzaladığı Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edildiyini xatırladıb.

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev elmi sessiyada “Azərbaycan Cümhuriyyəti (1918-1920) arxiv sənədlərində” mövzusunda məruzə edib. E.Mustafayev məruzəsində qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlətçilik tarixində mühüm rol oynayıb. O bildirib ki, arxiv sənədləri Cümhuriyyət rəhbərlərinin dövlət müstəqilliyini qorumaq, demokratik idarəetmə sistemi qurmaq və Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq istiqamətində ciddi fəaliyyət göstərdiyini sübut edir. Məruzədə parlament fəaliyyəti, qəbul edilən qanunlar və həyata keçirilən islahatların müasir dövlət quruculuğu baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov elmi sessiyada “Milli istiqlal ideyası və dövlətçilik ənənələri: Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, milli istiqlal ideyası və bunun həyata keçirilməsi, milli dövlətçilik ənənələrinin bərpası, Azərbaycan adının bərpası, Azərbaycan dövlətçiliyi düşüncəsi, milli ordu quruculuğu, dövlət atributlarının qəbulu, parlamentarizm ənənəsinin formalaşdırılması və s.-dən bəhs edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli istiqlal ideyaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Cümhuriyyət dövründə bədii düşüncədə də milli ruh özünün ən yüksək zirvəsinə çatmışdı. İctimai-siyasi həyatla ədəbi proses eyni məcrada inkişaf edirdi. Ədəbi-bədii əsərlərdə istiqlalçılıq, dövlətçilik ideyaları, Vətənə, Bayrağa məhəbbət və ehtiram hissləri öz parlaq əksini tapmışdı. Cümhuriyyət dövrünün ədəbiyyatı cəmiyyətin siyasi-ideoloji əsaslarının yeni zəmində formalaşmasında nüfuzedici qüvvəyə malik idi.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.