Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN KOLLEKTİVİ GÖRKƏMLİ ŞƏRQŞÜNAS AİDA İMANQULİYEVANIN DOĞUM GÜNÜNDƏ MƏZARINI ZİYARƏT ETDİ

10 Oktyabr 2018

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 79-cu ildönümündə alimin məzarını ziyarət edib, əklil qoydu.

 Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxış edərək A.İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın və ana kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd etdi.



G.Baxşəliyeva Aida xanımın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini bildirdi. Bir alim kimi Aida xanım İmanquliyevanın maraq dairəsinin geniş və çoxşaxəli olduğunu deyən Gövhər xanım, onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini araşdırdığını söylədi: “Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniy­yətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi”.



Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan G.Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və, nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəldiyini qeyd etdi.

G.Baxşəliyeva A.İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində xeyli iş gördüyünü vurğuladı.

Professor A.İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil etdiyini deyən Gövhər xanım, alimin elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxladığını, onun rəhbərliyi ilə qısa müddətdə bir çox namizədlik disser­ta­si­yalarının müdafiə edildiyini xatırlatdı.

Bu gün də Aida İmanquliyevanın əsərlərinin dönə-dönə oxunulduğunu, təhlil və tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü deyən G.Baxşəliyeva, həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd etdi, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını dedi.

Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov Aida İmanquliyevanın ərəb ədəbiyyatşünaslığı sahəsində bir məktəb yaratmış alim olduğunu, onun açdığı elmi cığırların indi də davam etdirildiyini dedi. F.Əsədov A.İmanquliyevanın əsərlərinin bu gün ərəb aləmində geniş yayıldığını, bu əsərlərdə onun öz dövrünü bir neçə onillik qabaqlayaraq, Şərqlə Qərb arasında qarşılıqlı təsiri gözəl əks etdirdiyini vurğuladı.