E.Mustafayev çıxış zamanı vurğulayıb ki, tarixi-dini abidələrin qorunması və bərpası milli kimliyin, mənəvi dəyərlərin və ümumbəşəri mədəni irsin saxlanılmasında mühüm rol oynayır, eyni zamanda tolerantlıq və multikulturalizm kimi dəyərləri gücləndirir. Bu siyasət həm cəmiyyətin daxili həmrəyliyini möhkəmləndirir, həm də dövlətin beynəlxalq nüfuzunun artmasına və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.
Məruzəçi qeyd edib ki, tarixi abidələrin dövlət və cəmiyyət tərəfindən mühafizə edilməsi dini radikalizmlə mübarizədə strateji əhəmiyyətə malikdir. Çünki radikal dini qruplar bu cür abidələri dağıtmaqla xalqın mənəvi tarixini məhv etməyə çalışırlar. Bu mənada qorunan və fəaliyyət göstərən tarixi abidələr sabitlik, güvən və xalqın özünəinam hisslərini yaşadır və gücləndirir. Bu isə radikal çağırışlara qarşı mühüm psixoloji sipərdir.