Print this page

Lahıc kəndi - Azərbaycan memarlıq və şəhərsalma mədəniyyətinin unikal nümunəsi kimi

03 Aprel 2026

Lahıc kəndi dəniz səviyyəsindən 1505 metr hündürlükdə, Girdiman çayının sahilində yerləşir. Kənd Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur.

 

Kəndin tarixi erkən orta əsrə qədər gedib çıxır. Lahıc haqqında ilk məlumatlara VIII əsr qaynaqlarında rast gəlmək mümkündür. Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən biri olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar müsəlman dünyasında tanınıb. Bu baxımından, kənd Yaxın Şərqdə tacirlərin baş vurduğu ticarət mərkəzlərindən birinə çevrilmişdir.

Kəndin şəhərsalma üslubu diqqətləri özünə çəkir. Belə ki, kənddə məhəllələr, məscidlər, bulaq və ovdanlar, ticarət və sənətkarlıq mərkəzləri çox səliqə ilə salınmış, özünəməxsus Azərbaycan memarlıq tərzini meydana gətirmişdir.

Vaxtilə kənddə yeddi məscid mövcud olmuşdur. Lakin Sovet işğalından sonra həmin məscidlərdən ikisi dağıdılaraq məhv edilmiş, dövrümüzə yalnız beş məscid gəlib çatmışdır.

Bu məscidlərdən biri də kəndin yuxarı məhəlləsində yerləşən Yuxarı Ərəgit məscididir. Abidənin səciyyəvi cəhətlərindən biri də məscidin altı yazılı kitabədən ibarət olmasıdır. Kitabələrdə ərəb və fars dillərində məscidin tarixi, ərazisi, onu inşa və təmir edən şəxslərin adları və abidə ilə bağlı sairə zəruri məlumatlar qeyd edillib.

Əsas kitabənin üzərinə ərəb dilində aşağıdakı cümlələr həkk olunmuşdur:

"قال النبي صلى الله عليه و آله و سلم. من بنى مسجدا فقد بنى الله بيتا في الجنة. قد بنى و عمر هذا المسجد الشريف زين العابدين و حاجى بابا آقا بن مشهدي كاظم لذكره سنه ١٢٢٩".

"Peyğəmbər (Allahın salamı ona və ailəsinə olsun) dedi: "kim bu dünyada bir məscid inşa edərsə Allah da onun üçün cənnətdə bir ev tikər". Bu şərafətli məscidi Zeynəlabdin və Hacı Babaağa Məşhədi Kazım oğulları onun xatirəsi üçün inşa və təmir etdi. 1229-cu il".

Kitabədən məlum olur ki, məscid hicri-qəməri 1229, miladi 1814-cü ildə Zeynəlabdin və Hacı Babaağa qardaşları tərəfindən inşa edilmişdir.

Diqqətləri cəlb edən ikinci kitabənin üzərində isə bu sözlər yazılmışdır:

"يا محمد، يا علي. قال النبي (ص) من بنى مسجدا فقد بنى الله له بيتا في الجنة. عمر هذا المسجد الشريف مشهدي درنا (در نساء) بنت مرحوم حاجي نقي مقدار صد و بيست عدد منات مهر خودرا خرج مسجد نمود في غره محرم الحرام سنه ١٣١١".

"Ya Məhəmməd, ya Əli. Peyğəmbər (s) dedi: "Kim bu dünyada bir məscid inşa edərsə, Allah da onun üçün cənnətdə bir ev tikər". Məhərrəm ayının əvvəli 1311-ci ildə Məşhədi Durna (və yaxud Dürnisa) Hacı Nağı qızı 120 ədəd manat miqdarında, öz mehriyyəsini xərc çəkərək bu şərafətli məscidi təmir elətdirdi".

Kitabədə yazılan məlumatlardan aydın olur ki, məscid hicri-qəməri 1311, miladi 1893-cü ildə yenidən təmir edilib. Maraqlı cəhət ondan ibarətdir ki, məscidi təmir edən şəxs kənd sakini, qadın xeyriyyəçi Məşhədi Durna (Dürnisa) Hacı Nağı qızı olub. Belə ki, o, 120 manat miqdarında öz mehriyyəsini məscidin yenidən təmirinə sərf etmişdir.

Mehriyyə (mehr - مهر) İslam hüququna görə kəbin kəsilərkən kişinin qadına verməyə borclu olduğu, yalnız qadının mülkiyyəti sayılan mal, pul və ya qiymətli əşyadır.

Məscidin, digər, üçüncü kitabəsində də maraqlı bir mətnə rast gəlirik:

"هو الوقف در طرف شرق مسجد پنج زرع جا طولا يكزرع عرضا علي تقي و علي حيدر و علي جعفر ولدان مرحوم سلطان نهاوند به قيمت پانضده منات، ١٣١١

"

"O, məscidin şərq tərəfindən uzununa beş zira' (arşın) və eninə bir zira' (arşın) on beş manat dəyərində mərhum Sultan Nihavəndin övladları Əlitağı, Əliheydər və Əlicəfərin məscidə bağışladığı vəqf torpaq sahəsidir, 1311".

Kitabədə yazılanlardan məlum olur ki, hicri-qəməri 1311, miladi tarixlə 1893-cü ildə Lahıc kənd sakinləri Əlitağı, Əliheydər və Əlicəfər qardaşları on beş manat dəyərində, beş arşın uzununa, bir arşın eninə torpaq sahəsini məscidə vəqf ediblər.

Vəqf İslam hüququnda dini, xeyriyyə və ya ictimai məqsədlər üçün dövlət və ya fiziki şəxslər tərəfindən, adətən, məscid və mədrəsələrə bağışlanan daşınar/daşınmaz əmlakdır.

Kitabədə müəyyən yazı xətalarına da rast gəlmək mümkündür. Məsələn, ölçü vahidi kimi istifadə edilən ərəb dilindən əxz edilmiş "zira" (ذراع) kəlməsi "zeyn" (ز) hərfi ilə yazılıb. Əslində, bu söz ərəb əlifbasının doqquzuncu hərfi "zəl" (ذ) hərfi ilə yazılır.

Ölçü vahidi kimi "zira" (ذراع) qol, dirsək və arşın mənalarında istifadə edilir. Bir arşın təxminən 0.71 metri ifadə edir.

Yazıda digər bir xətanı fars dilində qeyd edilmiş on beş rəqəminin yazılışında görmək mümkündür. Belə ki, həkkak kitabədə "پانضده" (panzdəh) rəqəmini "zad/dad" (ض) hərfi ilə yazıb. Halbuki, bu rəqəm ("پانزده" - panzdəh") fars dilində ərəb əlifbasının on birinci hərfi "zeyn" (ز) hərfi ilə yazılır.

Bu cür abidələr sayəsində vətən tarixmizin ən kiçik detallarını öyrənmək mümkündür. Bu mənada, xüsusilə, epiqrafik abidələr böyük əhəmiyyət kəsb edir. Qeyd etdiyim kitabədən bir daha aydın olur ki, Azərbaycanda xeyriyyəçilik ənənələri çox qədim tarixi köklərə dayanır. Xeyriyyəçilik ənənələri isə xalqın mədəni və mənəvi inkişafını sübut edən mühüm amillərdən biridir.

Nəticə olaraq qeyd edə bilərik ki, vətən tariximizi öyrənmək, ona sahib çıxmaq hər bir ölkə vətəndaşının mənəvi məsuliyyəti və borcudur. Bu cür tədqiqatlar nəticəsində bir daha aydın olur ki, Azərbaycan xalqı yaradıcı və böyük bir mədəni sistem yaratmış qədim tarixi təcrübə və ənənələrə malik bir xalqdır.

 

Elnur MUSTAFAYEV, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəls.ü.f.d., dosent

 

science.gov.az