Tədbirdə ilk öncə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.
Akademik G.Baxşəliyeva qeyd edib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da Azərbaycanlıların soyqırımı haqqında verdiyi Fərmanının tarixi önəmini xüsusi vurğulayaraq bu Fərmana əsasən 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyən akademik G.Baxşəliyeva Heydər Əliyevin 2003-cü il martın 27-də Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciətini xatırladıb və Ulu Ondərin xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmağın, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirməyin, ona hüquqi-siyasi qiymət verdirməyin şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməli olduğunu söyləməsini qeyd edib.
İnstitut rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il tarixdə erməni-bolşevik silahlı dəstələrinin ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı da qeyd edərək, bu Sərəncama əsasən görülən işlərdən bəhs edib.
Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda 1918-ci il soyqırımı barədə həqiqətlərin üzə çıxarılması, ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb, institut əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü 31 martın Azərbaycan xalqının tarixində yalnız milli faciə günü deyil, eyni zamanda milli özünüdərk, həqiqətlərin üzə çıxarılması üçün milli mübarizəni ön plana çıxaran simvolik tarix kimi qiymətləndirib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə 31 mart tarixinin Azərbaycan xalqının soyqırım günü elan olunması ilə bağlı imzaladığı Fərman Azərbaycan xalqının tarixinində baş vermiş bütün faciələri və soyqırımları özündə ehtiva edir və gələcəyimizə, milli yaddaşımızın qorunub saxlanmasına yönəlmiş addımdır. 1918-ci il 30 mart-3 aprel tarixində bolşevik-daşnak silahlılarının xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı vəhşətlərinin Bakı, Quba, Şamaxı, İrəvan, Naxçıvan, Zəngəzurda törədildiyini deyən R.Cümşüdlü Andronik və Njdenin başçılıq etdiyi erməni silahlı dəstələrinin Zəngəzurda dəhşətli qətllər törətdikləini, kəndləri yerlə yeksan etdiklərini bildirib. Qeyd edib ki, Zəngəzurdakı qanlı hadisələr zamanı 115 kənd məhv edilmiş,10 mindən çox insan vəhşiliklə qətlə yetirilib. Azərbaycan xalqı bu vəhşəti heç bir zaman unutmur.
İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev son iki əsrdə Azərbaycan xalqının çox böyük uğur və nailiyyətlər əldə etməsilə yanaşı, çox məşum faciə və soyqırımlar, dəhşətli və insanlıq əleyhinə işlənmiş hadisələrlə də üzləşdiyini deyib. Bildirib ki, bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin 31 mart tarixində mütəşəkkil silahlı erməni dəstələri tərəfindən yerli Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisəsidir. Belə ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Türkiyə və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmiş, qarət etmiş və etnik təmizləməyə məruz qoymuşlar. Qeyd edilib ki, Azərbaycan Cümhuriyyəti tərəfindən 15 iyul 1918-ci ildə yaradılan Fövqəladə Təhqiqat Komissiyası, erməni-rus silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, talan və cinayətlərinin aşkarlanmasında böyük rola malik olub. 1919-cu ilin noyabrınadək fəaliyyət göstərən komissiya 36 cilddən ibarət əsaslı sənədlər toplusu hazırlayaraq, bu cinayətləri sənədləşdirib.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri 1918-ci ildə Cənubi Azərbaycanda törədilən soyqırımlardan danışıb. Bildirib ki, Cənubi Azərbaycanın Qərb bölgəsində törədilən soyqırımlar fevraldan başlayaraq 6 ay müddətində davam edib və bu hadisələrdə 200 min azərbaycanlı həyatını itirib. H.Səfəri bu hadisələrin erməni-aysorlardan ibarət silahlı dəstələr tərəfindən həyata keçirildiyini vurğulayıb.
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli 1918-ci ildə ermənilərin Zəngəzurda törətdikləri qanlı facilələrdən danışıb.