Azərbaycanın görkəmli hərbi və dövlət xadimi, Polşanın tanınmış şərqşünas alimi, general Sadıq bəy Ağabəyzadəyə aid Polşa Elmlər Akademiyasının Krakov şəhərindəki arxivində saxlanılan sənədlərin Bakıya gətirilməsi məqsədilə polşalı həmkarlarımızla iki il əvvəl başlanan, 2025-ci il mayın 29-da Sadıq bəyin 160-illik yubileyi münasibətilə Krakovda düzənlənən sərgi və elmi konfransla davam edən əməkdaşlığımıza bu ilin 16-17 mart tarixlərində Bakıda nüfuzlu beynəlxalq elmi konfransla yekun vuruldu.
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA RH “Elmi İrs Şöbəsi, Varşava Universiteti Asiya və Afrika mədəniyyəti fakültəsi və fakültənin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbir iki ölkə şərqşünasları arasında əməkdaşlığın qarşıdakı illərdə də davam etdiriləcəyinə zəmin oldu. Eyni zamanda, Rusiya və Cümhuriyyət ordusunun generalı, Azərbaycanda polis sisteminin qurucusu Sadıq bəy Ağabəyzadənin keşməkeşli həyat və fəaliyyəti, eləcə də Lvov şərqşünaslıq məktəbinin yaradıcılarından biri kimi zəngin elmi və pedaqoji irsi konfransın əsas təşkilatçılarından olan AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq institutuna bu elmi məclisi yalnız yubiley tədbiri kimi deyil, daha geniş miqyasda, Azərbaycanda şərqşünaslıq elminin bu günkü durumunu və potensialını beynəlxalq konfrans statusunda nəzərdən keçirmək, həmçinin özünün xarici əlaqələr imkanlarını tənzimləmək üçün münasib şərait yaratdı. Belə ki, bu məqsəd konfransın mövzusu: “Sadıq bəy Ağabəyzadə - XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” ilə yanaşı, xarici tədqiqatçıların geniş təmsilçiliyi ilə də təsdiq olunurdu. Azərbaycan da daxil olmaqla 13 ölkədən 95 məruzəçi, o cümlədən 20 xarici alimin şəxsən, yaxud video-məruzə və ZOOM vasitəsilə elmi müzakirələrdə iştirak edirdi. Nüfuzlu beynəlxalq elmi konfransların nümunəsinə əsaslanaraq xarici qonaqların yol və yaşayış xərclərinin ödənilmədiyi bir şəraitdə bu rəqəmlər yaxşı göstərici sayılır və Azərbaycan şərqşünaslıq məktəbinin nüfuzuna dəlalət edir. Burada bir subyektiv faktor da nəzərə alınmalıdır. Belə ki, Yaxın Şərq regionunda gedən hadisələr, həmçinin konfrans qabağı İran-Azərbaycan münasibətlərində baş vermiş kiçik münaqişə səbəbindən konfransda şəxsən iştirak etmək niyyətində olan bəzi xarici qonaqların (ərəb ölkələrindən, Polşa və Fransadan) Bakıya gəlişi maneələrlə üzləşdi. Bununla belə, son nəticədə onların da konfransda virtual iştirakı təmin olundu. Xüsusilə Polşadan daha geniş nümayəndə heyəti gözləsək də məhz təhlükəsizlik baxımından bəzi həmkarlarımızı təəssüf ki, Bakıda görə bilmədik. Sadıq bəy irsinin Krakov universitetində ən mükəmməl tədqiqatçısı, onun şəxsiyyətinin vurğunu olan prof. Eva Siemienies-Golasın viza və uçuş bileti əlində olduğu halda bu çalışdığı Universitet rəhbərliyi tərəfindən Bakı səfərinə icazə verilməməsi hamımız üçün ağrılı oldu. Bütün bu layihələrin ilkin təşəbbüskarı və icraçısı olan bu alim xanımın qarşısında vicdan borcumuzu nəzərə alaraq qərara gəldik ki, Eva xanımı yaxın zamanlarda ayrıca Bakıya dəvət edək və ona akademik mühazirələr üçün şərait yaradaq.
Varşava universiteti Asiya və Afrika mədəniyyəti fakültəsinin dekanı Aqata Bereja Starzynskanın və həmin fakültənin müəllimi, “ Azərbaycan Araşdırmaları Mərkəzinin” müdiri dos. Şəhla Kazımovanın konfransa qatılması, eləcə də Almaniyanın tanınmış azərbaycanşünas tarixçi alimi, Berlin Humbolt Universitetinin professoru Eva-Mariya Auxun şəxsi iştirakı konfransın elmi nüfuzunu xeyli artırdı. Belə ki, Avropanın məhz bu iki paytaxtında uzun illərdir ki, Azərbaycanşünaslıq araşdırmaları ilə məşğul olan elmi mərkəzlər vardır və Eva-Mariya Aux çalışdığı universitetdə 12 il “Azərbaycanşünaslıq” kafedrasının müdiri olub.
Daha iki xarici qonağımız Türkiyənin Düzcə Universitetindən dos. Barış Çatal və Rusiyanın Sankt-Peterburq Dövlət univesitetindən dos. Şahnaz xanım Kamalova da konfransda son dərəcə maraqlı məruzələr etdilər ki, bu haqda ayrıca danışılacaqdır. Digər ölkələrdən – Fransa, İsveç, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, İraq, Əlcəzair – alimləri isə video-məruzələr və ZOOM bağlantıları ilə konfransın işinə qatıldılar.
AMEA Mərkəzi Elmi Kitabxanasının geniş və hər cür şəraiti olan binasında işə başlayan konfrans iştirakçılarına əvvəlcə AMEA RH “Elmi İrs Şöbəsinin” müdiri, t.ü.e.d. Zemfira xanım Hacıyevanın rəhbərliyi altında şöbənin son dərəcə peşəkar və işgüzar əməkdaşlarının hazırladığı “Sadıq bəy Ağabəyzadə-160” adlı sərgi təqdim olundu. 2025-ci ildə Krakovda keçirilmiş analoji sərgiyə (Polşa arxivlərində saxlanılan sənədlərdən ibarət) uyğun olaraq Bakıdakı sərgidə Sadıq bəyə aid Azərbaycan arxivlərində saxlanılan sənədlər və Polşa arxivindən gətirilən şəkillər nümayiş etdirildi.
Sərginin açılışında çıxış edən Zemfira Hacıyeva və Polşa tərəfini təmsil edən Şəhla Kazımova artıq həyata keçirilmiş layihə haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, AMEA Elmi İrs Şöbəsi və PEA Arxivi arasında bağlanmış müqavilə əsasında Sadıq bəyə aid Polşanın digər şəhərlərində (Vroslav, Varşava), eləcə də hazırda Ukraynanın Lvov şəhərində saxlanan sənədlərin mübadiləsi ilə bağlı əməkdaşlıq davam etdiriləcəkdir. 2010-2015-ci illər Azərbaycanın Ukraynada sabiq Fövqəladə və Səlahiyyəlti səfiri olmuş, t.ü.e.d. Eynulla Mədətli isə Sadıq bəyin Lvovdakı məzarının ilk axtarışları və bərbad halda olan məzar daşının dəyişilməsinə Lvov şəhər rəhbərliyindən icazənin alınması ilə bağlı xatirələrini bölüşdü.
Konfransın rəsmi Açılış mərasimində çıxış edən AMEA Prezidenti, akademik İsa Həbibbəyli Sadıq bəy Ağazadənin Rusiyanın ali hərbi məktəblərində təhsili, Rusiya ordusunun generalı kimi Türküstanda Zakaspi vilayətinin hərbi general qubernatoru, I dünya müharibəsi cəbhələrində iştirakı, daha sonra Azərbaycan Cümhuriyyətinin faktiki Daxili İşlər Naziri postunda fəaliyyəti, 1920-ci ildən başlanan və 1944-cü ildə başa çatan mühacirət dövrü fəaliyyəti haqqında məlumat verdikdən sonra bu parlaq və şərəfli həyat yolu keçmiş, xarici məmləkətdə şərqşünas alim kimi şöhrət tapmış soydaşımızın öz vətənində layiqincə tanınmadığını vurğuladı. Məlumdur ki, Sadıq bəyin adı müstəqillik dövrünün ilk illərində məhdud çevrələrdə gündəmə gəlmiş, haqqında ümumi xarakterli məqalələr yazılmış, sənədli film çəkilmiş, hətta 2006-cı ildə elə AMEA Şərqşünaslıq institutunda 140 illik yubileyi qeyd olunmuşdu. Lakin o vaxtdan keçən 20 il ərzində bu sahədə hər hansı geniş tədqiqatlar aparılmamış və Sadıq bəyin adı nəinki geniş ictimaiyyətə, hətta ölkənin elmi ictimaiyyətinə belə yaxından tanıdılmamışdır. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli Sadıq bəyə aid Polşada saxlanılan arxiv materiallarının və onun zəngin yazılı irsinin surətlərinin Bakıya gətirilməsini, eləcə də Azərbaycanın müxtəlif arxivlərində qorunan sənədlərin surətləri ilə birlikdə AMEA “Elmi İrs” şöbəsində adını daşıyan ayrıca fondda tam şəkildə toplanmasını, həmçinin Sadıq bəyin 160 illik yubileyinin Azərbaycan alimlərinin iştirakı ilə əvvəl Polşada, daha sonra isə 12 xarici ölkənin alimlərinin də iştirak etdiyi nüfuzlu Bakı beynəlxalq konfransında qeyd edilməsini Sadıq bəy Ağabəyzadənin sözün həqiqi mənasında “Vətənə qayıdışı” kimi qiymətləndirdi.
Qeyd olunmalıdır ki, Akademik İsa Həbibbəylinin bu sözlərində böyük həqiqət vardır. Belə ki, konfransda dinləniləcək 90-dan artıq məruzədən 30-u, o cümlədən xarici tədqiqatçıların məruzələri bilavasitə Sadıq bəyin həyatı və elmi irsi ilə bağlı idi. Sonuncular arasında polşalı həmkarımız, prof. Aqata Bereja Starzynskanın Açılış mərasimində təqdim etdiyi və Lvov şərqşünaslıq məktəbinin 3 banisinə - Sadıq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitskiyə həsr olunmuş ““Elmi varislik əlaqələrinin izlənməsi” adlı məruzəsi xüsusi qeyd ounmalıdır. Açılış mərasimində çıxış edən AMEA akad. Z.Bünyadov ad. Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın Sadıq bəyə həsr olunmuş bu beynəlxalq elmi konfransın respublikanın şərqşünas alimlərinə gələcək elmi fəailiyyətlərində müsbət bir impuls verdiyini, tanınmış xarici həmkarları ilə bilavasitə elmi əlaqələr qurmaq imkanı yaratdığını vurğuladı.
Berlin Humbolt Universitetinin professoru Eva-Mariya Auxun məhz şərqşünaslıq elmi müstəvisində Avropanın, o sıradan Almaniyanın şərqşünaslıq elmi məktəblərində Azərbaycana dair ilk məlumatlardan tutmuş akademik tədqiqatlara qədər keçilən yola saldığı nəzər konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Bu yolun ayrı-ayrı tarixi mərhələlər, maraqlı mətnlər və şəxsiyyətlər nümunəsində təqdim olunması mövzuya kompleks baxış olmaqla sanki konfransın bilavasitə şərqşünaslıq elmi ilə bağlı məruzələrinin başlanğıc funksiyasını yerinə yetirdi.
Açılış mərasimindəki sonuncu məruzədə AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, t.ü.e.d, prof Solmaz Rüstəmova-Tohidi Sadıq bəy Ağazadənin öz əmisi oğlu tanınmış Azərbaycan mütəfəkkiri, naşir, publisist, həkim və rəssam Əli bəy Hüseynzadəyə 1921-1939-cu illər arasında Paris, Nissa və Lvovdan yazdığı məktublar (31 məktub və Əli bəyin 1 məktubu) əsasında Sadıq bəyin epistolyar janrda qoyduğu yazılı irsin istər onun müəllifinin, istərsə də bu məktublarda əks olunan 20 illik bir dövrün mühitinin, adları çəkilən məşhur insanların və mühüm tarixi hadisələrin öyrənilməsi baxımından çox qiymətli mənbə olduğunu vurğuladı.
Açılış Mərasimində daha bir maraqlı çıxışı tanınmış Azərbaycan alimi və ziyalısı, diplomat, hazırda Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev etdi. Özünün video-müraciətində 2015-ci ildə, o zaman Macarıstanda səfir kimi Ukraynaya səfəri zamanı Lvovun məşhur Lıçakiv qəbiristanlığında dəfn olunmuş Sadıq bəy Ağabəyzadənin məzarının çətinliklə tapılması və tamamilə bərbad hala düşmüş, yazıları oxunmayan məzar daşının yenisi ilə əvəz olunması məqsədilə görülən işlərdən müfəssəl söhbət açan Vilayət Quliyev də bu beynəlxalq konfransı Sadıq bəy Ağabəyzadənin istər öz Vətəni, istər Şərqşünaslıq elminə xidmətləri qarşısında yüksək qiymətləndirərək ona uğurlar arzuladı.
Rəsmi açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini 16-17 mart tarixlərdə müxtəlif mövzular üzrə 7 paneldə davam etdirdi. Konfransın yekunu, müzakirələr zamanı üzə çıxan problemlər, qəbul edilən qərarlar və görüləcək işlər barədə sonrakı yazıda ətraflı məlumat veriləcəkdir.
Sadıq bəy Ağabəyzadənin ruhuna dərin ehtiramla.
Ardı var...
tarix elmləri doktoru, professor