Print this page

“İSLAM HƏMRƏYLİYİ VƏ AZƏRBAYCAN: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” KİTABI NƏŞR EDİLİB

28 Sentyabr 2018

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin əməkdaşlarının birlikdə hazırladıqları “İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” kitabı çapdan çıxıb.

Monoqrafiyada qarşıya qoyulan əsas məqsəd müasir dövrdə aktuallıq kəsb edən islam həmrəyliyi problemini Azərbaycan nümunəsi əsasında tədqiq etməkdir.

 

Monoqrafiyada, hər şeydən əvvəl, islam həmrəyliyinin tarixi kökləri və bu istiqamətdə atılmış ilk addımlar öyrənilib. Növbəti addım kimi, bu anlayışın dini-ideoloji əsasları tədqiqata cəlb edilmiş, indiki dövrdə hansı hüquqi-siyasi qurumlarda öz əksini tapmağı məsələsi araşdırılıb. Bundan sonra islam həmrəyliyinin Azərbaycan nümunəsinə, Azərbaycan respublikasında bu istiqamətdə atılmış addımlara diqqət yetirilib. Nəhayət, sözügedən anlayış yeni dünya sistemi və müasirliyin çağırışları kontekstində araşdırılıb, mövcud təsəvvürlər müxtəlif yanaşmalar prizmasından nəzərdən keçirilib.

Monoqrafiyanın “İslam həmrəyliyi: dünəndən bu günə” adlanan birinci fəslini il.ü.f.d. Aslan Həbibov, “İslam həmrəyliyinin dini ideoloji əsasları” adlanan ikinci fəslini fəl.ü.f.d. Elvüsal Məmmədov, “İslam həmrəyliyi və müasir Azərbaycan” adlanan üçüncü fəslini fəl.ü.f.d. İlkin Əlimuradov, “İslam həmrəyliyi yeni dünya sistemində alternativ təşəbbüs kimi” adlanan dördüncü fəslini isə fəl.ü.f.d. Leyla Məlikova yazıb.