Print this page

Şərqşünaslıq İnstitutunda “Mərkəzi Asiya ölkələri: perspektivlər, çağırışlar və reallıq” adlı məqalələr toplusu nəşr olunub

06 Mart 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qazaxıstanın “Şərq-Qərb” Beynəlxalq Geosiyasi Proqnozlaşdırma Mərkəzi və “Astana” Siyasi Tədqiqatlar Assosiasiyası ilə birgə nəşri - “Страны Центральной Азии: перспективы, вызовы и реальность” (“Mərkəzi Asiya ölkələri: perspektivlər, çağırışlar və reallıq”) adlı məqalələr toplusu işıq üzü görüb. Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan toplu institutun Mərkəzi Asiya ölkələri şöbəsinin yaradılmasının 10 illiyinə həsr olunub.



Topluda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Gürcüstandan olan alimlərin məqalələri dərc olunub. Məqalələr toplusunda müasir dünyanın qloballaşma prosesləri, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın zəruriliyi və ümumbəşəri dəyərlər baxımından mədəniyyətlərarası dialoqun mahiyyəti və nəzəri əsasları nəzərdən keçirilir. Azərbaycan və Asiya mədəniyyətləri arasındakı qarşılıqlı münasibətlərə, sivilizasiyaların inteqrasiyasına və müasir çağırışlara həsr olunmuş tədqiqatlar təqdim olunur.

 

Burada multikulturalizm problemlərinə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə beynəlxalq münasibətlərin inkişaf meyillərinə, həmçinin müsəlman xalqlarının mədəni irsinin qorunmasının roluna həsr olunmuş tədqiqatlar təqdim edilir.

Topluda Qazaxıstanın “Şərq-Qərb” Beynəlxalq Geosiyasi Proqnozlaşdırma Mərkəzinin prezidenti, “Astana” Siyasi Tədqiqatlar Assosiasiyasının direktoru akademik Karlıqaş Nuqmanovanın “Qazaxıstanda qlobal iqlim dəyişiklikləri problemləri və “COP-29”un beynəlxalq münasibətlərin inkişafı prosesində rolu”,  Qırğızıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Baktıkan Torogeldiyevanın “Polietnik qırğız cəmiyyətində vətəndaş identikliyinin formalaşması”,  Qazaxıstan Beynəlxalq Əlaqələr və Dünya Dilləri Universitetinin professoru, siyasi elmlər namizədi Elmira Kaqazbayevanın “Mərkəzi Asiya ölkələrinin miqrasiya siyasətinin müqayisəli təhlili: əmək miqrantlarının hüquqlarının qorunması mexanizmləri”, Gürcüstanın Suxumi Dövlət Universitetinin Beynəlxalq departamentinin müdiri İndira Dzaqaniyanın “Mədəniyyətlərarası dialoq tələbələrin interkultural kompetensiyasının formalaşmasının əsası kimi”, Özbəkistan Elmlər Akademiyasının şöbə müdiri siyasi elmlər doktoru Vladimir Paramonovun “ABŞ-ın Mərkəzi Asiyada iqtisadi strategiyasının və Rusiya və Çin ilə əməkdaşlığın inkişafı üzrə yeni vəzifələrin qiymətləndirilməsi və ABŞ-ın geosiyasi maraqları”, AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi siyasi elmlər doktoru Adil Mirabdullayevin “Müasir mərhələdə Rusiyanın geostrateji siyasətində Mərkəzi Asiya istiqaməti haqqında”, AMEA-nın Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədovanın “Çingiz Aytmatovun romanlarında şəxsiyyət, cəmiyyət və sosial-siyasi mühit” məqalələri və s. yazılar dərc olunub.