Print this page

AKADEMİK ZIYA BÜNYADOVA HƏSR OLUNMUŞ KONFRANSIN MATERİALLARI ÇAP OLUNUB

21 Sentyabr 2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın actual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda Beynəlxalq Elmi Konfransın materialları işıq üzü görüb.

Nəşrin redaksiya heyətini akademiklər İsa Həbibbəyli, Nərgiz Axundova, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva və Şahin Mustafayev təşkil edirlər.

 

Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və Özbəkistandan 100 alimin məruzələri konfransın bölgüsünə uyğun olaraq, Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı, Müasir şərq ölkələrində ictimai və siyasi proseslər, Şərq xalqlarının ictimai, fəlsəfi və dini fikir məsələləri, Şərq xalqlarının ədəbiyyatının tədqiqi problemləri və Şərq xalqlarının dilinin tədqiqi problemləri bölmələrində yer alıb.

Topluda ilk olaraq, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın məruzələri təqdim olunur. Nəşrdə həmçinin Rusiya alimlərindən  akademik Aleksandr Kudelin, elmlər doktoru İqor Kryuçkov, elmlər namizədləri  Dmitri Timoxin, Maysarat Musayeva, Rabadan Sultanbekov, Patimat İbraqimova,  Boris Xarsiyev, Tatyana Anikeyeva, Gürcüstandan elmlər doktoru Marika Mşvildadze, Manana Qabaşvili, professorlar Nana Gelaşvili, Elizabet Maçitidze, Tamar Demetraşvili, Elene Cavelidze, türkiyəli doktorlar Namiq Musalı, Nevzet Keleş, Harun Yıldız, Özbəkistandan dosent Mahmud Ravşanov, Azərbaycan alimlərindən elmlər doktorları Şahin Fazil, Fəridə Əzizova, Vilayət Cəfərov, Roza Eyvazova, Paşa Kərimov, Nəsib Göyüşov, Şəfəq Əlibəyli və başqalarının maraqlı məruzələri yer alıb.