Tədbirdə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycan qadınının ictimai-mədəni həyatımızda və elmi mühitdə tutduğu mühüm mövqedən bəhs edib. O, xüsusilə şərqşünas qadın alimlərin ölkəmizdə bu sahənin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək onların zəhmət və nailiyyətlərini vurğulayıb.
Akademik Gövhər Baxşəliyeva qadının ailənin dayağı, cəmiyyətin mənəvi sütunu olduğunu qeyd edib, onların həm elmdə, həm də ictimai həyatda fəal mövqeyinin əhəmiyyətini önə çəkib. Sonda o, şərqşünas xanım alimləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara ailə səadəti, möhkəm cansağlığı və elmi fəaliyyətlərində davamlı uğurlar arzulayıb.
Tədbirdə iştirak edən AMEA Azad Həmkatlar İttifaqının baş mühasibi Samirə Hacıyeva və Şərqşünaslıq İnstitutunun Həmkarlar təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək şərqşünas xanımları bayram münasibətilə təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.
Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Laura Orucova çıxış edərək xanımlara göstərilən diqqətə görə Şərqşünaslıq İnstitutunun və institutun Həmkarlar təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.
Türk tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova analara həsr etdiyi şeirini oxuyub.
Tədbirin sonunda qadın əməkdaşlara institutun Həmkarlar təşkilatının hədiyyələri təqdim edilib.
