İlk əvvəl, rəqəmsal imkanların inkişafı dövründə və yaxud informasiya cəmiyyətinin formalaşdığı bir zamanda məqsədyönlü informasiya hücumu dedikdə nəyin nəzərdə tutulduğunu aydınlaşdırmaq mətləbin bəyanı üçün olduqca vacibdir.
Məqsədyönlü informasiya hücumu – müəyyən siyasi, ideoloji, iqtisadi və ya geosiyasi məqsədlə planlı şəkildə yanlış, təhrif edilmiş və ya manipulyativ məlumatların yayılması prosesidir.
Bu hücumlar aşağdakılardan ibarət ola bilər:
- Dövlətlər arasında informasiya müharibəsi vasitəsi ola bilər;
- Cəmiyyət daxilində ictimai rəyə təsir göstərmək üçün istifadə edilə bilər;
- Müəyyən qurum və ya şəxslərin nüfuzdan salınmasına xidmət edə bilər.
Dezinformasiya və yaxud məqsədyönlü informasiya hücumu sahəsində bir sıra terminoloji fərqlər də mövcuddur ki, bunları aşağıdakı kimi təsnif etmək mümkündür:
- Dezinformasiya (disinformation) – bilərəkdən və məqsədli şəkildə yayılan yalan məlumat;
- Misinformasiya (misinformation) – yanlış məlumatın bilmədən paylaşılması;
- Malinformasiya (malinformation) – doğru məlumatın kontekstdən çıxarılaraq zərərli məqsədlə istifadəsi;
Bunlar arasında dezinformasiya və malinformasiya isə mahiyyəti etibarı ilə ən təhlükəli formalardır. Ona görə ki, burada niyyət faktoru mövcuddur və proseslərin inkişafına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı digər mühüm bir sual yaranır - qərəzli informasiya hücumunun əsas üsulları hansılardır?
1) Faktların təhrif edilməsi - hadisənin yalnız müəyyən hissəsinin təqdim olunması, kontekstin dəyişdirilməsi.
2) Seçmə təqdimat (selective framing) - məlumatın müəyyən çərçivədə təqdim olunması ilə auditoriyanın emosional yönləndirilməsi.
3) Saxta ekspert və mənbələr - etibarsız və ya uydurma mənbələrə istinad.
4) Başlıqlarla manipulyasiya - sensasion və reallığı əks etdirməyən başlıqlar (clickbait).
5) Bot və troll şəbəkələri - süni şəkildə ictimai rəy görüntüsü yaratmaq.
6) Vizual manipulyasiya - Şəkil və videoların montaj edilməsi, köhnə materialların yeni hadisə kimi təqdim olunması.
Yaxşı, dezinformasiya və məqsədyönlü informasiya hücumunun hədəf və məqsədləri nədir?
1) İctimai rəyə təsir göstərmək
2) Cəmiyyətdə qorxu və panika yaratmaq
3) Sosial qütbləşməni gücləndirmək
4) Dövlət institutlarına inamı sarsıtmaq
5) Milli-mənəvi dəyərləri zəiflətmək
Bu gün bəzi müstəqil media qurumlarında və sosial şəbəkələrdə Azərbaycanın elm ocağı və dövlətin elm siyasətini icra edən dövlət qurumu AMEA-ya qərəzli, qeyri-peşəkar, eyni zamanda cılız şəkildə hazırlanmış qərəzli və məqsədyönlü informasiya hücumu yuxarıda sadaladığım bütün komponentləri əhatə edirdi.
Bir məsələni xüsusilə qeyd etməyi özümə vacib bilirəm. Cəmiyyətin tərəqqisi elmə, elm isə alimlərin zəhmətinə əsaslanır. Alimlər insan həyatını yaxşılaşdırmaq, problemlərə həll tapmaq və gələcəyi daha təhlükəsiz etmək üçün illərlə çalışırlar. Lakin bəzi hallarda, bir sıra qeyri-peşəkar media oraqanları tərəfindən alimlərə qarşı hörmətsizlik, onların fikirlərinin ciddiyə alınmaması və elmin dəyərsizləşdirilməsi hallarını müşahidə edirik. Bu isə cəmiyyət üçün ağır və təhlükəli nəticələrə səbəb ola bilər.
Tarix göstərir ki, elmə qarşı çıxmaq və alimləri susdurmaq inkişafın ləngiməsinə gətirib çıxarır. Məsələn, Qalileyo Qaliley öz dövründə elmi həqiqətləri müdafiə etdiyi üçün təzyiqlərlə üzləşmişdi. Onun fikirləri əvvəlcə qəbul edilməsə də, sonradan elmin inkişafında mühüm rol oynadı. Əgər cəmiyyət daim alimlərin səsini boğarsa, həqiqət gec üzə çıxar və inkişaf dayanmış olar.
Alimlərə hörmətsizliyin digər ağır nəticəsi yanlış məlumatların yayılmasıdır. Elmi biliklərə etinasız yanaşdıqda, insanlar əsassız fikirlərə inanmağa başlayırlar. Bu isə xüsusilə sağlamlıq, texnologiya və ətraf mühit məsələlərində ciddi problemlər yarada bilər. Məsələn, tibbi tövsiyələrə məhəl qoyulmaması xəstəliklərin yayılmasına səbəb ola bilər. Elmə güvənməyən cəmiyyət risklərlə daha çox üz-üzə qalır.
Bundan əlavə, alimlərə hörmətsizlik gənclərin elmə marağını azaldır. Əgər cəmiyyətdə elm adamları qiymətləndirilmirsə, gənclər də bu sahəyə yönəlmək istəməzlər. Halbuki, Lütfi Zadə kimi alimlərin uğurları göstərir ki, elmə verilən dəyər həm ölkənin nüfuzunu artırır, həm də gələcək nəsillərə ilham verir.
Nəticə olaraq, alimlərə hörmətsizlik yalnız bir şəxsin deyil, bütöv cəmiyyətin zərərinədir. Elmə və alimə dəyər verilmədikdə inkişaf dayanır, yanlış düşüncələr yayılır və gələcək təhlükə altına düşür. Buna görə də biz alimlərin əməyini qiymətləndirməli, onların sözlərinə hörmətlə yanaşmalı və elmi düşüncəni dəstəkləməliyik. Yalnız bu halda sağlam və inkişaf etmiş cəmiyyət qurmaq mümkündür
Məqsədyönlü və qərəzli informasiya hücumları artıq klassik ideoloji mübarizənin alternativ və ya tamamlayıcı formasıdır. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Buna görə də, həm dövlət, həm media qurumları, həm də fərdi vətəndaşlar informasiya məsuliyyətini dərk etməli və sağlam informasiya mühitinin qorunmasında aktiv rol oynamalıdırlar.
Elnur MUSTAFAYEV, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
science.gov.az