Print this page

Şərqşünaslıq İnstitutunun kitabları Bağdadda Müstənsəriyyə Universitetinə hədiyyə edilib

16 Fevral 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev İraq Respublikasının paytaxtı Bağdad şəhərində səfərdə olub.  Şərqşünas alim səfər çərçivəsində Bağdadda yerləşən İraqın ən nüfuzlu ali təhsil ocaqlarından olan Müstənsəriyyə Universitetinin Hüquqşünaslıq fakultəsinin dekanı doktor Malik Mənsi əl-Hüseyni ilə görüşüb.



E.Mustafayev görüş zamanı Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında müfəssəl məlumatları Malik Mənsi əl-Hüseyninin diqqətinə çatdırıb.

Tanışlıq zamanı Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, mədəniyyəti, dil və ədəbiyyatı, din və ictimai fikri sahəsində aparılan mühüm elmi tədqiqatların nəticələri və son illərdə bu istiqamətlər üzrə nəşr olunan kitab və məqalələr haqqında ətraflı söhbət açılıb. Bundan əlavə, Şərqşünaslıq İnstitutunun ərəb ölkələri ilə qurulan elmi və mədəni əlaqələrinin inkişafındakı rolundan və bu istiqamətdə ərəb ölkələrinin bir sıra elmi müəssisələrilə bağlanmış əməkdaşlıq memorandumları çərçivəsində həyata keçirilmiş müştərək fəaliyyətlər barəsində zəruri məlumatlar qeyd edilib.

Sonda E.Mustafayev Şərqşünaslıq İnstitutunun nəşr etdiyi elmi tədqiqat əsərlərindən bəzilərini Müstənsəriyyə Universitetinin kitabxanasına hədiyyə edib. Bu sırada akademik Gövhər Baxşəliyevanın "Nizami Gəncəvinin milli identikliyi" (ingilis və fars dillərində), Ruhəngiz Cümşüdlünün "Füzulinin ərəbcə poetik irsi", Vidadi Mustafayevin "Bir daha vahid/bütov Azərbaycan haqqında", Elnur Mustafayevin "Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” monoqrafiyaları, akademik G.Baxşəliyevanın rus dilinə tərcümə etdiyi "Армянские инсинуации и историцеские факты. Вопросы и ответы” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı, “Azərbaycanın mədəniyyət paytaxtı: Şuşa” (ərəb, ingilis və Azərbaycan dillərində) və "Xocalı soyqırımı" (ərəb dilində) bukletləri və s. nəşrlər var.

Doktor Malik Mənsi əl-Hüseyni təqdim edilən kitablar üçün öz təşəkkür və məmnunluğunu bildirdikdən sonra, Şərqşünaslıq İnstitutu ilə elmi və mədəni əməkdaşlığın qurulmasında maraqlı olduqlarını ifadə edib.