Print this page

Şərqşünas alim əlcəzairli həmkarı ilə “Şüruq” qəzetində ölkələrimiz arasında elmi əlaqələrin tarixi kökləri və müasir perspektivlərinə dair məqalə dərc etdirib

16 Yanvar 2026

Azərbaycanın yerləşdiyi coğrafi mövqe, Yaxın Şərq ölkələri ilə dini, mədəni, ictimai, tarixi əlaqələri region ölkələrini tarix boyu daima diqqət mərkəzində saxlamağa sövq edib. Eləcə də, böyük şairimiz Səməd Vurğunun dediyi kimi “Qoca Şərqin qapısı” olan Azərbaycanın da  sadalanan amillərlə yanaşı, Avropa ilə Asiyanı birləşdirən strateji məkanda yerləşməsi, Yaxın Şərq ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrin formalaşmasında ölkəmizin mühüm tranzit və əlaqələndirici mərkəzə çevrilməsi də əsrlər boyu qarşı marağın olmasına səbəb olub. Bu amillər əsasında qarşılıqlı elmi, mədəni əlaqələr də münasibətlərin inkişafına aparan ən mühüm vasitələrdən biri kimi daima diqqət mərkəzində saxlanılıb və bu gün də region ölkələri kimi Azərbaycanın da xarici siyasətində, humanitar əməkdaşlıq strategiyasında və beynəlxalq elmi inteqrasiyasında prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır.



Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bu istiqamətdə əlaqələrin qurulması və davamlı inkişafının təmin edilməsində şərqşünaslıq elminin rolu, şərqşünas alimlərin elmi bilikləri, fundamental tədqiqatları və bilavasitə elmi-praktiki fəaliyyəti əvəzolunmazdır. Bu baxımdan, 68 illik elmi ənənəyə malik AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu sözügedən sahədə aparıcı və avanqard mövqe tutur. Beynəlxalq elmi əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verən bu elm mərkəzinin son aylarda Əlcəzairin elmi müəssisələri, alimləri ilə münasibətlərində mühüm addımlar atılması da artıq ictimaiyyətə məlumdur. Ötən ay əlcəzairli alim, Konstantin Universitetinin baş müəllimi, Məğrib İslam Sivilizasiyası üzrə Tədqiqatlar Laboratoriyasının müdiri tarix elmləri doktoru Hüseyn Bubidi, həmin universitetin müəllimləri - tarix elmləri doktorları Həmzə Qadiri və Murad Bileydi ilə birgə Şərqşünaslıq İnstitutunda olmuş və H.Bubidi Bakı səfəri ilə bağlı ölkəsinin nüfuzlu və “Şüruq” qəzetində geniş məqalə yazaraq, Azərbaycanda şərqşünaslıq elminin inkişafını, ərəbşünaslıq sahəsində mühüm elmi tədqiqatların aparıldığını vurğulamışdır.

Bu günlərdə isə H.Bubidinin AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevlə birgə yazdığı  "Əlcəzair və Azərbaycan arasında elmi əlaqələr: tarixi köklər və müasir perspektivlər" adlı məqaləsi ərəb dilində eyni nəşrdə Əlcəzair ictimaiyyətinə çatdırılıb. Məqalə həmçinin elektron variantda da nəşrin saytında geniş oxucu kütləsinə çatdırılıb.

Qeyd edək ki, məqalə, məzmununun əhəmiyyəti ilə yanaşı, Azərbaycan və Əlcəzair alimlərinin müştərək bir işi olaraq da, elmin inkişafı və beynəlxalq tələblərə uyğun şəkildə fəaliyyətə Şərqşünaslıq İnstitutunda diqqətin mühüm bir nümunəsidir.  

Məqalədə Azərbaycanla Əlcəzair arasında mədəni, elmi və tarixi əlaqələrə, o cümlədən İslam sivilizaisiyasının hər iki xalqın təşəkkülündəki və mədəni proseslərinin inkişafındakı roluna toxunulub, həmçinin, nümunələr gətirməklə orta əsrlərdə həm əlcəzairli alimlərin əsərlərinin Azərbaycanda, azərbaycanlı alimlərin əsərlərinin isə Əlcəzairdə istifadə edildiyi qeyd edilib.

Nəzərə almaq lazımdır ki, İslam dininin zühurundan sonra əsrlər boyu ərəb dili Əndəlüsdən Qafqaza və Orta Asiyaya qədər İslam dünyasının müxtəlif bölgələrində ortaq elmi dil kimi xidmət edib. Bu, müxtəlif xalqların elmi məhsullarının vahid intellektual çərçivədə inteqrasiyasına imkan verib və böyük coğrafi sərhədləri əhatə edən vahid sivilizasiyanın yaranmasına yol açıb.

Məqalədə, həmçinin vurğulanıb ki, bu dinamizmi xatırlamaq sadəcə keçmişi simvolik bir xatirə kimi canlandırmaq deyil; əslində bu, Əlcəzair və Azərbaycan arasındakı elmi əlaqələrin bilik mübadiləsi tarixində real köklərə malik olduğunu diqqətə çəkməkdir. Yuxarıda qeyd edilən amillər müasir əməkdaşlıq layihələrinə tarixi və metodoloji legitimlik qazandırır.

Məqalədə, o cümlədən, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yaxın Şərq ölkələrinin, ələlxüsus ərəb dövlətlərinin tarixi, ədəbiyyatı, dili, din və ictimai fikri sahəsində aparılan elmi tədqiqatlar, bu sahədə görülən işlər haqqında ətrafı məlumatlar verilib, Azərbaycan dövləti ilə ərəb ölkələri arasında elmi, mədəni və ictimai əlaqələrin qurulmasında oynadığı rolundan, bundan əlavə, gələcək illərdə bu əlaqələrin inkişaf etdirilməsində İnstitutun böyük imkanlarından və perspektivlərindən bəhs edilib.