Print this page

AKADEMİK ŞAHİN MUSTAFAYEV KAZANDA BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİB

11 Sentyabr 2018

Sentyabr ayının 4-7 tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində YUNESKO-nun mədəniyyətlərarası dialoq Forumu keçirildi. Forumun əsas məqsədi müxtəlif mədəniyyət, milliyət və dinlərə aid insanların bir arada dinc yaşaması və mədəni mirasın qorunması ilə bağlı ən uğurlu təcrübələrin yayılması və bu barədə dövlət və elm xadimləri, ictimaiyyət nümayəndələri arasında fikir mübadiləsinin aparılması idi.

 

Forumun açılışında Tatarıstan Respublikasının prezidenti R.Minnixanov, YUNESCO-nun keçmiş baş direktoru xanım İ.Bokova, Tatarıstan Respublikasının birinci prezidenti və YUNESCO-nun mədəniyyətlərarası dialoq üzrə xüsusi səfiri M.Şaymiyev, YUNESKO baş katibinin müavini Xing Qu və digər rəsmi şəxslər çıxış etdilər. Tədbirin işində 200-ə qədər rusiyalı və xarici alim və ekspert iştirak edirdi.

Azərbaycan elmini Kazanda keçirilən bu beynəlxalq tədbirdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev təmsil edirdi. Forum çərçivəsində təşkil olunan “Böyük İpək yolu – dialoq və mədəni yaxınlaşma yolu” adlı konfransda o, “Orta əsrlərdə Volqa-Xəzər ticarət yolunun tarixi və mədəni konteksti” adlı elmi məruzə ilə çıxış etdi. Azərbaycan aliminin məruzəsi yerli və xarici qonaqlar tərəfindən maraqla dinlənildi və müzakirələrə səbəb oldu.

Tədbir iştirakçıları həm də Tatarıstan ərazisində yerləşən və YUNESKO-nun mədəni irs siyahısına daxil olan Kazan Kremli, Sviyajsk adası, Bulqar şəhəri kimi tarixi, arxeoloji və memarlıq abidələri ilə tanış olmaq imkanı əldə etdilər.

Forumun sonunda bütün iştirakçılar tərəfindən bəyannamə qəbul edildi. Bəyannamədə tədbir iştirakçılarının Bakıda keçirilmiş Ümumdünya mədəniyyətlərarası dialoq forumunun yekun qərarlarını dəstəklədikləri xüsusi olaraq vurğulandı.