Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

GÖVHƏR BAXŞƏLİYEVA: ORTAQ TÜRK DİLİ VƏ ORTAQ TÜRK ƏLİFBASI YARADILMALIDIR

05 Sentyabr 2018

Oxu.Az-ın müxbirinin suallarını akademik, millət vəkili Gövhər Baxşəliyeva cavablandırır:

- Gövhər xanım, bildiyiniz kimi, türk dövlətlərinin inteqrasiyası yönümündə əvvəlki dövrlərlə müqayisədə, son illər çox ciddi addımlar atılmaqdadır. Buna misal kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (TDƏŞ) göstərmək olar. Bu gün Qırğız Respublikasında TDƏŞ-in növbəti - VI Sammiti keçirildi və türk cümhuriyyətlərinin, o cümlədən Azəırbaycanın dövlət başçısı İlham Əliyev də həmin Sammitə qatıldı, çıxış etdi.

Eyni zamanda, bu inteqarasiyanı daha da gücləndirmək üçün müxtəlif ideyalar, təkliflər, çağırışlar səsləndirilir. Onlardan biri ortaq türk dili və ortaq türk əlifbası məsələsidir. Bir alim, bir elm adamı olaraq bu məsələlər barədə nə deyərdiniz?

 

- Türkdilli dövlətlər arasında münasibətlərin, əlaqələrin gücləndirilməsi, dərinləşdirilməsi çox əlamətdar və sevindirici məsələdir. Buna böyük və zəruri ehtiyac var. Bu inteqrasiyanı dövr, zaman, reallıq özü tələb və diktə edir.

Bu baxımdan, türkdilli dövlətlərin rəhbərlərinin bu istiqamətlərdəki bütün addımları müsbət qarşılanmalı və təqdir edilməlidir. O cümlədən, TDƏŞ-in özü də inteqrasiya yönümündə ortaya qoyulan ən uğurlu formatlardan biridir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin açılış nitqində söylədiyi kimi, TDƏŞ-in fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək. Odur ki, TDƏŞ-in son - VI sammitini də müsbət siyasi-tarixi hadisə sayıram.

Hesab edirəm ki, TDƏŞ türkdilli xalqların və dövlətlərin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm rol oynayacaq, öz müsbət nəticələrini ortaya qoyacaq.

Sualınızın ikinci hissəsinə gəlincə, qeyd etməliyəm ki, bu gün dilimiz bütün türk dilləri içində öz leksik və semantik tərkibinə, qrammatik strukturuna görə ən zəngini, ən inkişaf etmişidir. Eyni zamanda, müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini və genetik xüsusiyyətlərini ən yaxşı qoruyub-saxlamış dildir.

Bu, mənim subyektiv fikrim deyil. Bütün dilçi alimlər tərəfindən qəbul olunmuş həqiqətdir. Deyək ki, XVIII əsrin sonunadək Orta Asiyada türk dili məhz Füzulinin “Leyli və Məcnun”u vasitəsilə tədris olunurdu. Belə olan halda, dilimizin tətbiqinin məhdud­laşdırılması hətta digər türk dilləri hesabına belə, xalqımıza lazımdırmı?

Eyni zamanda, türkdilli xalqların bir-birinə yaxınlaşmasında, qarşılıqlı inteqrasiya prosesində dil probleminin olduğu da həqiqətdir və bir çox elm adamlarının fikrincə, ortaq türk dili bu problemi aradan qaldırar.

Söhbət yeni dil yaradılmasından getmir – bütün türk xalqları üçün ümumi ola bilən dilin seçilməsindən gedir. Yəni, bu xalqlara hansısa yabançı, xarici dil və yaxud da “Esperanto” kimi süni düzəldilmiş dil təklif olunmur, söhbət əcdadlarımızın min illərlə danışdığı, sonrakı nəsillərə ərməğan verdiyi dilin hamı üçün anlaşılan bir formasının ümumi qəbulundan gedir. Və burada ortaq dil kimi hansı dilin seçilməsi digərini aşağılamaq, yaxud onun dilinə sayğısızlıq kimi qiymətləndirilə bilməz.

Çünki bu gün özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, Azərbaycan və sair adlarla adlandırdığımız dillərin hamısı bir kökdən, bir mənbədən gəlir. Vaxtilə hamımızın əcdadları bu dildə danışmaqla bir-birlərini başa düşüb, fikirlərini çatdırıblar.

Biz niyə eyniköklü xalq olduğumuz halda bir-birimizi başa düşməyək, niyə bizim aramızda dil sərhədi olsun? Buna etiraz edənlər niyə düşünmürlər ki, ortaq dilin seçilməsi həm də bu dillərin hər birinin zənginləşməsinə, onlardakı yabançı sözlərin təmiz türk sözləri ilə əvəzləndirməsinə gətirib-çıxara bilər.

Fikir verin, Türkiyə ilə əlaqələrimiz vaxtilə dilimizdə olmuş, sonradan isə rus dilinin təsiri ilə sıxışdırılaraq unudulmuş nə qədər təmiz türk sözünün yenidən bərpa olunmasına səbəb olub.

Məsələn, müstəqillik dönəminə qədər Azərbaycan dilində “subyektiv” sözünün təmiz türkcəsini çox az adam bilirdi. İndi isə hamı “özəl” deyir. Təmiz türk sözüdür, dilin bütün qanunlarını özündə əks etdirir. Yaxud sovet dövründə “multiplikasiya” deyilən bir söz var idi, hətta dilin işlək fonduna daxil edilmişdi.

Mətbuatda da, televiziyada da belə yazılırdı. Lakin sonradan Türkiyə türkcəsi vasitəsilə dilimizə qayıdan “cizgi” sözü onu birdəfəlik arxivə atdı. “Cizgi” dilə də asanlıqla yatır, tələffüzü də asandır.

O cümlədən “birbaşa translyasiya” ifadəsi. İndi “canlı yayım” deyirik. Birləşmənin hər iki tərəfi təmiz türk mənşəli sözlə ifadə olunub.

Bir sözlə, ortaq dil türk respublikalarının inteqrasiyasına şərait yarada biləcəyi kimi, həm də bu dillərin etnomilli əsasda təmizlənməsini, inkişafını təmin edə bilər; dil saflaşar, durulaşar. Mən bu bir neçə misalın nümunəsində Azərbaycan dilinin Türkiyə ilə əlaqələr hesabına nə qədər yabançı sözdən xilas olduğunu görürəm.

Yəqin ki, eyni proses Türkiyə türkcəsində də gedib. Orta Asiyanın türkdilli respublikalarına gəlincə isə, burada türk dillərinin vəziyyəti daha acınacaqlıdır. Qazax, qırğız, türkmən dilləri rus dilinin təsirinə daha çox məruz qalıb.

Onların ziyalıları danışanda hər cümlədə bir neçə rus sözü işlədirlər. Yazılı ədəbiyyatda da yeri gəldi-gəlmədi, rus dilindən alınma söz və birləşmələrə rast gəlinir. Əlbəttə, ortaq dil bu dillərin təmizlənməsinə, paklaşmasına, özünə qayıdışına şərait yarada bilər. Ən başlıcası, xalqların inteqrasiya prosesini sürətləndirər, onların arasındakı mənəvi yaxınlığı daha da dərinləşdirər.

- Dediklərinizdən aydın olur ki, siz də bir alim kimi, ortaq türk dili ideyasını yüksək dəyərləndirirsiniz. Lakin onu da qeyd edək ki, söhbət hələlik ideyadan gedir. Tutaq ki, sabah konkret işə keçmək lazım gəldi. Onda siz bu dillərdən hansının ortaq dil olmasına üstünlük verərdiniz?

- Mən ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayanmasını istərdim. Ona görə yox ki, özüm azərbaycanlıyam, öz dilimi daha çox sevirəm. Mən məsələyə daha çox dilçilik aspektindən, dilin öyrənilməsi səviyyəsindən, təmizliyindən, norma və qanunları gözləməsindən, tarixi-ənənəvi keyfiyyətləri qoruması baxımından yanaşıram.

Təxminən min il bundan öncə yazıya alınmış “Kitabi-Dədə Qorqud” dastanı ilə bugünkü Azərbaycan dili arasında az fərq var. Müasir Azərbaycan oxucusu “Dədə Qorqud”u oxuyur və asanlıqla başa düşür.

Yəni, müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini, genetik xüsusiyyətlərini ən yaxşı qoruyub-saxlamış dildir. Digər tərəfdən, Azərbaycan dili kifayət qədər ciddi öyrənilib, dil materialı linqvistik baxımdan ətraflı tədqiq edilib.

Adi bir misal deyim, Mahmud Kaşğarinin hələ XII əsrdə türk dillərində kəşf etdiyi ahəng qanunu bu gün ən çox Azərbaycan dilində izlənilir. Bu da dilin axıcılığında, rəvanlığında özünü göstərir. Ona görə də Azərbaycan dili tez anlaşılır və başa düşülür. Dilimizin bu xüsusiyyətini nəzərə alaraq bir vaxtlar M.Y.Lermontov yazırdı ki, fransız dili Avropa üçün nədirsə, azərbaycanlıların da dili Şərq üçün həmin şeydir.

Hesab edirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayandığı təqdirdə onun bütün türkdilli xalqlar üçün ümumişlək dilə çevrilməsi problemi olmayacaq.

- Görünür, bu, dilçi alimlərimizin böyük sənətkarlarımızla birgə uzun müddət dilimizin saflığı uğrunda apardıqları mübarizənin bəhrəsidir. Dilimiz ərəb-fars tərkibindən təmizlənib, dilin ən “dözümlü” hissəsi olan feillər əsasında onlarla yeni sözlər yaranıb...

- Tamamilə haqlısınız. Qaldı məsələnin ortaq türk dili müstəvisinə gətirilməsinə, mən demirəm ki, ortaq türk dili kimi Azərbaycan dili qəbul olunmalıdır, mən deyirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dili dayansa, daha yaxşı olar.

Əlbəttə, həmin dilə Türkiyə türkcəsindən də, türkmən dilindən də, qazax dilindən də, qırğız dilindən də sözlər, ifadələr gələ bilər. Çünki dil daim inkişaf etməyi, zənginləşməyi sevən ictimai ünsiyyət vasitəsidir.

Tutaq ki, bu gün bizim dilimizdə elə alınma sözlər işlənir ki, onların təmiz türkcəsini bilmirik. Sabah həmin söz qazax və yaxud qırğız dili vasitəsilə dilimizə qayıdıb möhkəmlənə bilər. Bunun nəyi pisdir ki? Əksinə, dilimiz zənginləşər. Ortaq dil məsələsinə gəldikdə isə, yenə deyirəm, mən həmin dilin əsasında Azərbaycan dilinin dayanmasını istərdim.

Bu isə o demək deyil ki, digər türk dilləri, o cümlədən Türkiyə türkcəsi inkar olunmalıdır, yox, sadəcə, dilimizin qrammatik strukturu, fonetik qanunları ortaq türk dilinin əsasını təşkil etməyə optimal imkan verir. 

- Gövhər xanım, dil ictimai ünsiyyət vasitəsidir. Bu baxımdan, inanırsınızmı ki, bu vasitə türk dünyasının inteqrasiyasında əsas rol oynayacaq?

- Bilirsiniz, qloballaşan dünyada sərhədlər şərti mahiyyət daşımağa başlayır, ölkələr və xalqlar qovuşur. Heç kəs bu proseslərdən kənarda, təcrid olunmuş vəziyyətdə yaşaya bilmir. Görün, bu gün dünyada nə qədər birlik var. Avropa Birliyi, Ərəb Ölkələri Liqası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və sair və ilaxır.

Bütün bu birliklər ümumi inteqrasiya və bundan da öncə qloballaşmanın qanunauyğunluğundan doğur. Belə bir zamanda türk respublikalarının da siyasi, iqtisadi və mədəni inteqrasiyaya can atmaları təbiidir.

Əgər bu gün türk respublikaları arasında ortaq dil problemi həll olunarsa, sabah digər sahələrdəki maneələr də aradan qalxar. Bir sözlə, türkdilli respublikaların yaxınlaşması üçün əsas çoxdur və fikrimcə, belə bir inteqrasiya bizim qloballaşmaya verdiyimiz ən yaxşı töhfə ola bilər.

Dediklərim eynilə ortaq türk əlifbasına da aid edilə bilər. Hesab edirəm ki, bütün türkdilli dövlətlər artıq tam şəkildə latın qrafikalı əlifbaya keçməlidir. Azərbaycan artıq ötən əsrin 90-ci illərindən bu əlifbaya keçib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bir müddət əvvəl kiril əlifbasında latın əlifbasına keçidlə bağlı qərar verdi. Ona görə digər türk cümhuriyyətləri də bu addımı atmalı və nəhayət, ortaq türk əlifbası üzərində işlərə başlanmalıdır. Buna böyük ehtiyac var.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

 

Download Template Joomla 3.0 free theme.