Vəhşiliyə məruz qalmış tarixi abidələrdən biri də Abdal kənd məscididir. Belə ki, məscidin bir çox hissələri dağıdılıb, bina uzun müddət qeyri-təyinatlı məqsədlər üçün, o cümlədən heyvan saxlanılması üçün istifadə olunub. Lakin bütün bu vandalizmə baxmayaraq, möcüzə nəticəsində məscidə aid epiqrafik abidələr işğal dövründə öz mövcudluğunu qoruyub saxlayaraq dövrümüzə gəlib çatıb.
Bu fikirləri AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri dosent Elnur Mustafayev AZƏRTAC-a açıqlamasında bildirib.
Alimin sözlərinə görə, məscidin giriş hissəsində, əsas qapının üzərində ümumilikdə dörd yazılı abidəyə rast gəlinir. Ona təqdim olunmuş fotoşəkillər əsasında bu kitabələrdən üçünü oxumaq mümkün olub. Dördüncü kitabədəki yazılar ciddi şəkildə zədələndiyindən mətni oxumaq mümkün olmayıb. Elnur Mustafayev Abdal kənd məscidinə aid epiqrafik abidələrin orijinal mətnlərini və ana dilimizə tərcümələrini təqdim edib.
I kitabə (giriş qapısının üzərində)
Tərcümə: “Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər təmir edə bilərlər” (Tövbə, 9/18).
“Məscidi inşa edənlər Abdal camaatıdır, 1296”.
I kitabənin birinci sətrində “Qurani-Kərim”in Tövbə surəsinin 18-ci ayəsi, ikinci sətrində isə məscidi inşa edənlərin kimliyi və tikinti tarixi göstərilib. Kitabədə hicri-qəməri tarixlə qeyd edilən 1296-cı il miladi təqvimlə 1879-cu ilə təsadüf edir.
II kitabə (giriş qapısının sağ tərəfində)
Tərcümə: “Ən xeyirli və bərəkətli məkan, ən fəzilətli ibadət yeri olan məscidlərdə namaz və duaların sayını çoxaldın. Bu məsciddə namazın fəzilətli olmasının sirri burada şəhid olmuş məsumun qəbridir. Mətni Həsən Xəlil oğlu yazdı”.
II kitabə ərəb dilində nəsx xətti ilə həkk olunub. Kitabədəki məlumatlara əsasən güman etmək olar ki, məscidin inşa edildiyi ərazidə şəhidlik məqamına ucalmış böyük övliyalardan biri dəfn olunub. Eyni zamanda, bu yazı XIX əsrdə yaşamış Həsən Xəlil oğlu adlı azərbaycanlı xəttat və həkkakın adını da tarixə qazandırır.
III kitabə (giriş qapısının sol tərəfində)
Tərcümə: “Memar Kərbəlayi Səfixan Qarabağinin işidir”.
III kitabədən məlum olur ki, məscid məşhur qarabağlı memar Kərbəlayi Səfixan Qarabaği (1817-910) tərəfindən inşa edilib.
Elnur Mustafayev qeyd edib ki, epiqrafik abidələr aid olduqları tikililər, dövrün şəxsiyyətləri, ictimai-mədəni, dini-siyasi proseslər və tarixi hadisələr haqqında birinci dərəcəli və ən mötəbər mənbələr hesab olunur. Bu abidələrə həssas yanaşmaq, onları xüsusi mühafizə altına almaq strateji və ideoloji baxımdan son dərəcə vacibdir.
Alimin fikrincə, maddi-mədəni və etnomədəni irsin ən mühüm nümunələrindən biri də məhz epiqrafik abidələrdir. Onların tədqiqi ona görə aktualdır ki, kitabələrdə cəmiyyət həyatının siyasi, sosial, iqtisadi, dini və mədəni reallıqları, inzibati bölgü və idarəetmə sistemləri barədə digər mənbələrdə rast gəlinməyən mühüm məlumatlar əks olunur.
Bu yazılı abidələr vasitəsilə inkarolunmaz və birinci dərəcəli sübutlar əsasında sübut etmək mümkündür ki, bu coğrafiyanın yaradıcı və qurucu xalqı Azərbaycan xalqıdır və sözügedən ərazilər qədim və dərin tarixi kökləri ilə Azərbaycana məxsusdur.