Print this page

Şərqşünas alim Kölndə beynəlxalq simpoziumda məruzə edib

22 Dekabr 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu Almaniyanın Köln şəhərindəki Yunus Əmrə İnstitutunda keçirilən "Türk dilinin tədrisi və türk mədəniyyətinin mədəniyyətlərarası ünsiyyətdə yeri" mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

 

Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türk Dil Qurumu və Türk-Alman Universitetinin tərəfdaşlığı ilə təşkil edilən tədbirdə dünyanın bir çox ölkəsindən gələn tanınmış elm adamları və tədqiqatçılar bir araya gəliblər.

Səriyyə Gündoğdu simpoziumda “Mədəniyyətlərarasılıq, dil perspektivindən aman-türk ədəbiyyatında yeni axtarışlar” mövzusunda məruzə edib. Məruzəçi dünyada gedən qloballaşma prosesinin ədəbi ənənələri və dil müxtəlifliyini necə transformasiyaya uğratdığını, bunun nəticəsində çoxşaxəli ədəbi formasiyaların yarandığını diqqətə çatdırıb.  S.Gündoğdu xüsusilə 1970-ci illərdən etibarən Almaniyada formalaşmağa başlayan türk mühacir ədəbiyyatının həm yerli alman cəmiyyətinə, həm də ölkənin ədəbi ictimaiyyətinə göstərdiyi dərin təsirlərdən bəhs edib.

Məruzədə qeyd olunub ki, Almaniyada türk müəlliflərin qələmə aldığı roman, şeir, qısa hekayə və teatr əsərləri mədəni tədqiqatlar üçün fundamental məlumat mənbəyi rolunu oynayır. Müasir elmi yanaşmalarda bu mətnlərin təkcə məzmunu deyil, həm də onların linqvistik ölçüləri və dil xüsusiyyətləri xüsusi tədqiqat obyektinə çevrilmişdir.