Print this page

Şərqşünaslıq İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş kitab çap olunub

17 Dekabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Vətəndən Vətənə məktublar” adlı kitab çap olunub. Kitabın tərtibçisi, müqəddimənin və transliterasiyaların müəllifi institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevadır. Elmi məsləhətçi akademik Gövhər Baxşəliyevadır.


“Vətəndən Vətənə məktublar” kitabı xalq şairi Bəxtiyar Vahabzadənin bütöv Azərbaycan ideyasına əsaslanan ictimai-siyasi və ədəbi baxışlarının sistemli  təqdimatıdır. Kitabda şairin poetik və publisistik irsi Vətən, milli kimlik, dil, tarixi yaddaş məsələlərinin qabardılması fonunda milli müqavimət düşüncəsinin bədii ifadəsi kimi təhlil olunur.

“Müqəddimə” bölməsində istiqlal şairinin Güney Azərbaycanla mənəvi, ideoloji və tarixi bağları, bu bağların qorunması naminə apardığı prinsipial mücadilə, dönməz mübarizədən söz açılır.

“Gülüstandan İstiqlala 40 il uzunluğunda yol” bölməsi ölməz sənətkarın yaradıcılığında milli azadlıq ideyalarının poetik təzahürlərini, həmçinin bu mövqeyin onun həyatında doğurduğu çətinlikləri analitik şəkildə sərgiləyir. Bölmədə şairin ideoloji təzyiqlərə baxmayaraq əqidəsindən dönməməsi, mübarizəsindən geri çəkilməməsi faktoloji materiallarla əsaslandırılır.

“Vətəndən Vətənə məktublar” bölməsində isə güneyli soydaşlarımız tərəfindən şairə ünvanlanan sevgi dolu  məktublar, ayrılığa, nisgilə məhkum qardaşlar arasında mənəvi-mədəni əlaqələrin sənədli təcəssümü kimi dəyərləndirilir. Bu məktubların transliterasiyaları onların bütün oxucu kütlələri üçün əlçatanlığını təmin edir.

“Bəxtiyar Vahabzadənin ev muzeyinin qonaqları” adlı sonuncu bölmədə güneyli həmvətənlərin şairə olan tükənməz   məhəbbəti ilə yanaşı bütöv Azərbaycan ideyasının reallaşmasına olan sonsuz  inam,  qəti əminlik hissi ifadə olunur. Kitabda yer alan foto-materiallar mətnin ideya-estetik təsirini gücləndirməklə vizual mənbə funksiyası daşıyır.

Qeyd olunmalıdır ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr Bəxtiyar Vahabzadə poetik irsini milli ideologiya, milli birlik, tarixi yaddaş və ədəbi irs prizmasından fərqli aspektdə tədqiq edən dəyərli mənbədir.